Dinimizdə yemək-içmək qaydaları və süfrə ədəbi barədə ətraflı göstərişlər vardır. Bunların bir çoxu vacib yox, müstəhəbdir, yəni onları pozmaq günah gətirməz, amma onlara riayət etməyin savabı var. Əvvəla, yeməyin ən mühüm və vacib hökmü onun halal olmasıdır, yeməkdən qabaq mütləq buna diqqət yetirmək lazımdır. Dinimizin haram buyurduğu qidaları, eləcə də, haram yolla əldə edilmiş yeməkləri yemək olmaz. Az yemək, acmadan süfrə arxasına keçməmək, tam doymadan süfrədən ayrılmaq tövsiyə edilir. Çalışmaq lazımdır ki, yemək ayaq üstə yox, oturmuş vəziyyətdə yeyilsin. Yeməyə “bismillah”la başlamaq, “əlhəmdu lillah”la bitirmək savabdır. Yeməkdən qabaq əlləri yumaq, yeməkdən sonra əlləri yuyub ağzı yaxalamaq və dişləri fırçalamaq da bəyənilir. Yeməyi sağ əllə yemək, öz qabağındakı yeməyi götürmək, kiçik loğmalarla yemək, yaxşı çeynəmək, amma ağızı marçıldatmamaq, yemək yeyərkən danışmamaq, süfrə arxasında qarşındakı adama baxmamaq da savab sayılır. Yeməyin başqa ədəb və qaydaları da vardır ki, hədislərdə və əxlaq kitablarında bu barədə ətraflı məlumat verilib.
Yeməyi necə yemək barədə dinimizin göstərişləri varmı?
