Şaban ayıdır və Ramazan ayına daxil olmaq üçün hər şeydən öncə təqva libası əldə etməliyik. Çünki hər ziyafətin öz geyimi olduğu kimi, mübarək İlahi ziyafətin də geyimi var. Bu geyim - təqva libasıdır.
Müntəzir olmaq
Şaban ayının ən mübarək tarixlərindən biri - son İlahi hüccət, dəlil olan Həzrət Mehdinin (ə.f.) mübarək mövludu günləridir. Bu tarix - insanın qurtuluşu, oyanışı, özünəqayıdışı, nicat tapması üçün hazır olan günlərdəndir. İstər gecələri, istər gündüzləri baxımından bu mövlud günü insanın ruhi zənginliyi üçün fövqəl imkanlar təqdim edir və mübarək İlahi ziyafət ayına doğru olan hərəkəti daha da əzmli, daha da ardıcıl edir.
Mövludun ən əsas hədəfi, mahiyyəti, gerçək keçirilməsi ondan ibarət olar ki, insan öz daxilini mövlud sahibinin gəlişinə və onun mübarək gəlişilə dünyada yarada biləcək İlahi ədalətə uzlaşdırmalıdır, həmahəng etməlidir. İnsan səy etməlidir ki, Mövlanın (ə.f.) müntəziri olmaq mövzusu onun üçün sözgəlişi bir məsələ olmasın, növbətçi xarakter daşımasın.
İnsanın bütün həyatı, yaşayışı gözləmək içindədir. Maddi, mənəvi, yaxşı, pis gözləntiləri var insanın. İnsan daxilən bir gözlənti içindədir. Və bu gözləntilər həqiqidirsə, insanların heç biri lnövbətçi gözlənti" mövqeyində durmur. İnsan nəyisə səmimi gözləyirsə, riya etmirsə, süstlük, biganəlik etmirsə - onun davranışı bu gözləntiyə uzlaşır, əməl və hərəkətləri əsas etibarilə bu gözləntiyə uyğun tənzimlənir. Onun halı, ruhiyyəsi bu gözləntiyə uyğun formalaşır.
Bu gözləntinin keyfiyyəti barədə əziz İmamımızın (ə.f) mübarək buyuruşlarına diqqət edək. Mövla (ə.f.) buyurur: "Biz sizin durumunuzu diqqətdə, nəzərdə saxlamağı əsirgəmirik. Və sizi xatırlamağı unutmamışıq ki, əgər bundan başqa cür olsa idi, müşküllər sizə üz tutardı və düşmənlər sizi yerli-dibli məhv edərdilər. Bəs İlahi təqvaya riayət ediniz və bizim müdafiəçimiz olunuz".
Əziz Mövla (ə.f) bizlərin himayəçisidir. Bizləri öz diqqətində saxlayır, mehribançılığı ilə əhatə edir. Və əziz Mövlamız (ə.f) bizlərə öz mübarək tövsiyəsini edir ki, təqva ipindən yapışaq.
İnsanın gündəlik həyatında təqva
Təqva heç də mücərrəd bir mövzu deyil. Təqva - insanın gündəlik həyatını əhatə etməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: "O çalışma ki, təqvalılıqla birgə deyil - faydazısdır".
Mübarək İslam dini insanın tərki-dünyalığını bəyənmir. Bəyənmir ki, insan bütün dünya işlərindən, həyati məsələlərdən bir kənara çəkilsin və yalnız təcrid olunmuş zahid həyatını yaşamağa başlasır. İslam buna tamamilə mənfi baxır. Belə ki, bu dünya işləri olmadan, aqibəti qazanmaq mümkün deyil. İnsan dünyəvi işlərini görməklə aqibətini müəyyən edir. Aqibətinin necə olacağı isə, məhz İmamın (ə) mübarək hədisdə göstərdiyi məqamla bağlıdır.
Digər mübarək buyuruşunda Həzrət Mehdi (ə.f.) insanın xeyrinin və zərərinin nədə olduğunu çatdırır: lSizlərdən hər biriniz gərək o şeyə əməl etsin ki, onu bizim sevgi və məhəbbətimizə yaxınlaşdırır. Və o şeydən uzaq olsun ki, bizim xoşumuza gəlmir və bizim o şeydə qəzəbimiz var. Çünki, Allah Təala insanı birdən aparır - bir vaxtda ki, tövbənin onun üçün xeyri yoxdur və günahlarına görə bizim verəcəyimiz cəzadan onun peşmançılıq çəkməsi (artıq) nicat vermir".
Əgər insanın dünya işləri Allahı xatırlamaqla həmahəng olmazsa, Allahı yad etməklə müşayiət olunmazsa, onun bütün işləri elə bu dünya ilə məhdudlaşacaq. Nəzər salanda görürük ki, bəşəriyyətin çoxu elə bu amalla yaşayır. İnancı da elə bu cürdür ki, hər şey bu dünya ilə məhdudlaşır. Bəziləri də var ki, etiqadları bu olmasa da, qəflətdədirlər. İnsan hər zaman xatırlamalıdır ki, əgər dünya işləri Allahı xatırlamaqla, təqva ilə müşayiət olunarsa, bu zaman həmin işlərin onun aqibəti üçün faydası vardır. Bu zaman dünya işləri insanın təkamülü üçün bir vasitəyə çevrilə bilər. Ona görə də, gərək dünya insan üçün hədəf deyil, vasitə olsun. Belə olan təqdirdə, insan Axirətini qazanmaq üçün, təqvaya yiyələnmək üçün dünya işlərini vasitə biləcək.
Təqvanın ən böyük ölçüsü
Təqvanın ən ciddi ölçülərindən biri - namazdır. İnsan öz təqvalılıq durumunu gündəlik qıldığı namazları ilə müəyyən edə bilər. Namazın bir mahiyyəti də elə zatən budur. İnsan öz durumunun, mənəviyyatının, vəziyyətinin fərqində olsun. İnsan namazda olan halı ilə təqvasının hansı səviyyədə olduğunu müəyyən edə bilər. Dünya işlərinin içərisində insan gərək öz namazlarına xüsusi diqqət yetirsin. Əgər bu işlərin içərisində insan öz namazlarına xüsusi diqqət yetirirsə, demək, onun işləri, çalışmaları həqiqətən də təqvalılıqla birlikdədir. Bunu, qıldığı namazında da hiss edəcək. Lakin namazlarına laqeyd yanaşan insan özünü təftiş etməlidir.
Ən böyük fəzilət və ən böyük cihad
İmam Muhəmməd Baqir (ə) buyurur: "Heç bir fəzilət cihad kimi deyil və heç bir cihad həvayi-nəfslə mübarizə kimi deyil". Mübarək İslam mətnləri cihadı çox böyük sözlərlə təqdir edir. Əziz Məsumlarımızdan (ə) gələn hədislərdə görürük ki, cihad olduqca böyük fəzilətdir və bu fəzilətə yiyələnən insan, Allah yanında olduqca əzizdir. Düşmənlə üz-üzə gəlmək, onunla döyüşmək İslamın nəzərində çox mühümdür. Lakin, dinimiz bizlərə ən böyük cihadı da göstərir. Ən böyük cihad - insanın gündəlik, daim, hər an apardığı mübarizədir. Bu mübarizə insanın həvayi-nəfsi ilə, nəfsinin istəkləri ilə apardığı mübarizədir. Əgər cihad ən böyük fəzilətdirsə, ən böyük cihad da nəfsin istəklərinə qarşı mübarizədir.
Gündəlik cihadı, nəfsimizin istəkləri ilə mübarizəni doğru-dürüst apara bilmək üçün gərək ilk öncə həyatımızın məşğuliyyətlərindən müəyyən qədər özümüzü ayıra bilək. Özümüzü təftiş etmək, halımızı müəyyən etmək üçün vaxt ayırmalıyıq. Bu anlamda yaşadığımız Şaban ayının yalnız şüardan ibarət olmadığı məlum olur. Şaban ayı bütün bu imkanları insana verən gözəl fürsətlərlə dolu bir aydır.
Nəfsi nəzarətə almadıqda...
Həyat olduqca rəngarəngdir. Bir rəngdən başqa rəngə, bir formadan başqa formaya keçir. Nəfsin istəkləri bitib-tükənmək bilmir. Elə isə insanın gündəlik cihadı, mübarizəsi də bitmir. Hər an insan gərək bu savaşın içərisində olduğunun fərqinə varsın. Nəfs insanı bir gün evi ilə, bir gün ailəsi ilə, bir gün maddiyyat ilə, bir gün şan-şöhrət ilə sınağa çəkir. Əgər insan öz nəfsinin ipini əlinə yığa bilsə, onları özünün idarəçiliyinə alacaq və onları düzgün yönləndirə biləcək. Əgər bunun üçün çalışmasa, bunu edə bilməsə və bu mübarizədə məğlub olsa, o zaman nəfs onu öz kontroluna alacaq və istədiyi işləri ona gördürə biləcək. Əgər insan Allahı daim xatırlasa, bu, ona həvayi-nəfslə mübarizədə əvəzsiz güc verər və o, bu savaşdan qalib çıxar. Ona görə də, insan özündən arxayın olmamalı, öz durumunun fərqinə varmalıdır.
Ən böyük əxlaq necə qazanilir?
İnsanlar hər zaman gözəl əxlaqa yiyələnmək istəyir. İnancından asılı olmayaraq, hər bir insan gözəl əxlaq sahibi olmağı arzulayır, özündə gözəl əxlaqi sifətlərin yer tapmasını istəyir. Həzrət Əli (ə) bizlərə əxlaqların ən üstününü və onu əldə etməyin yolunu tanıtdırır. Həzrət (ə) buyurur: "Ali əxlaqlar (məkarimul-əxlaq) öz kamal durumuna çatmaz, o haldan savayı ki, iffət və israrla birgə olsun".
İffət - insanın öz nəfsini nəzarətə alması və ondan Allah bəyəndiyi kimi istifadə etməsidir. İffətli insan - öz nəfsinin istəklərinə sahib çıxmağı bacaran insandır. Bəzən biriləri elə düşünürlər ki, iffətlilik yalnız qadınlara xas xüsusiyyətdir. Əslində isə, iffətlilik hər iki cinsə mənsub insanlara aiddir. Xüsusilə, kişilər bu məsələyə bir o qədər önəm verməyəndə, bunun ciddi fəsadları üzə çıxır. Bu anlamda kişilər də öz durumları, o cümlədən, geyimləri barədə diqqətli olmalıdır. Geyim - iffətin ən önəmli göstəricilərindəndir.
Standartlari aşan fədakarliq - isar
Ən üstün əxlaqsa yiyələnmək üçün ikinci önəmli məsələ isardır. İsar - insanın gözlənilən deyil, əvəz olunan deyil, normadan daha yuxarı göstərdiyi xidmətlərə və fədakarlıqlara deyilir. Təbii ki, hər normal insan yaxşılıqlara yaxşılıqla cavab verməlidir. Lakin, normadan daha artığı budur ki, insan əvəz gözləmədən fədakarlıq etsin, bu fədakarlığını yaxşılıqlar müqabilində deyil, bir tək Allaha xatir etsin. İsar budur ki, insan standartları bir qədər yaxşı mənada aşsın və fövqəladə fədakarlığa can atsın. Bəzən əlbəttə ki, onun bu hərəkətləri başa düşülməyəcək. Lakin, əgər insan dərk etsə ki, Allah onun etdiklərindən xəbərdardır və bu işlərini Allaha xatir görür, bu zaman onun üçün kənar məsələlərin əhəmiyyəti olmaz.
İnsanın həyatının mərkəzi Allahla olanda
İnsan həyatında isarın baş tutmasının bir xüsusi şərti var. O da bundan ibarətdir ki, gərək insanın həyatının mərkəzində yalnız Allah olsun. Həyatın mərkəzi Allah olarkən, insan bütün həyatını bu mərkəz ətrafında qurur. Lakin, əgər insanın həyatının mərkəzində eqosentrizm, pul, şöhrət, iş və s. dayanarsa, onun həyatı yalnız bu mərkəzlər ətrafında qurulacaq. Allaha bəndə olmaq bu insanın həyatında ən yaxşı halda ikinci, üçüncü məsələ olacaq. Belə olduqda, insan az qala Allaha xatir gördüyü işlər üçün də Ondan əvəz görəcək, Ona ibadəti də yalnız əvəzə xatir edəcək. Allah insanın həyatında mərkəzə çevrilməyənə qədər heç bir şeyin xeyri yoxdur.
Həzrət Əliyə (ə) məhəbbət həyatın mərkəzini Allaha gətirər
Həyatımızda Allahı mərkəzə çevirməyi bacarmaq üçün, bunu bacarmış insanların həyat yolundan nümunə götürə bilərik. Həzrət Əmirəlmöminini (ə) tanımaqla, ona sevgi bəsləməklə buna nail ola bilərik. Çünki sevgi, əslində o Həzrətlə (ə) həmahənglikdə olmaq, onun həyatından nümunə götürməkdir. Həzrət Rəsulallah (s) buyurur: "Əlini sevmək günahları yeyir, necə ki, atəş odunu yeyir".
İmam Əlini (ə) sevən - gözəllikləri, həqiqi dəyərləri sevir. Bu sevginin onun həyatında sözsüz təsiri olacaq. Nəhayətdə, Əliyə (ə) məhəbbət bəsləyən insan təkamüldə olacaq. Əgər bir kəs iradəvi olaraq Həzrət Əmirəlmöminini (ə) sevsə, özünü, öz istəklərini həyatın mərkəzində görməyəcək. Çünki, o Həzrətin (ə) həyatının mərkəzində yalnız Allah dayanıb. Əliyə (ə) sevgi də bizlərə bunu öyrədir. Əliyə (ə) sevgi bizim həyatımızın mərkəzini Allaha gətirər.
İmam Mehdi (ə.f) barədə
Təbərrük üçün Həzrət Mehdiyə (ə.f.) həsr edilmiş, o Həzrəti (ə.f.) tanıtdıran mübarək hədislərə də nəzər yetirək. Həzrət Peyğəmbərimiz (s) əziz qızına xitabən buyurmuşdur: "Müjdə olsun sənə, ey Fatimə ki, Mehdi sənin (övladlarından)dır".
Digər bir hədisdə Rəsulullah (s) buyurur: "Mehdi mənim nəvələrimdən biridir ki, üzü ay kimi nurludur".
Həzrət Əlidən (ə) nəql edirlər: "Mehdi bizdəndir, Fatimənin nəslindəndir".
İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: "(İmam) qiyam edəndə Kəbəyə söykənəcək və 313 kəs onun ətrafında dövrə vuracaq. Deyəcəyi ilk kəlmə bu ayə olacaqdır: "Əgər imanınız olsa, "Bəqiyyətullah" /Allahın Yer üzündə qalanı/ sizin üçün daha xeyirlidir". Sonra buyuracaq: "Mən Bəqiyyətullaham, Onun sizin üzərinizdə olan hüccət və canişiniyəm". Ona /İmama/ salam göndərən hər bir kəs belə deyər: lSalam olsun sənə, ey Allahın yer üzündə qalanı!"".
Allah Təbarəkə və Təala cəmi iman əhlini İmamın (ə.f.) zühurunu tezləşdirənlərdən qərar versin!
Allahım, bizlərə iffət və isarla ən üstün əxlaqa yiyələnməyi nəsib et!
Allahım, bizlərin gündəlik cihaddan - nəfsi istəklərimizlə mübarizədən üzüağ çıxmağı nəsib et!
Allahım, bizlərə Həzrət Əliyə (ə) məhəbbətlə günahlardan təmizlənməyi nəsib et! Amin!
Son İmamın (ə.f) bizlərə əsas buyuruşu
