“Kəbə” sözünün ərəb dilindən tərcüməsi kub deməkdir; bu ad ona quruluşuna görə verilib, çünki Kəbə kub formasına malikdir. Kəbənin hündürlüyü 14,85 m., qapı yerləşən divarın eni 11,58 m., Hicri-Ismail tərəfdəki divarın eni isə 10,22 m.-dir. Kəbə ərinmiş qurğuşundan olan möhkəm bünövrənin üzərində durur. Kəbənin döşəməsi yer səthindən iki metr hündürlükdədir. Içəriyə girmək üçün şərq divarında insan boyu hündürlükdə yerləşən qapıdan keçmək lazımdır. Kəbənin qapısı indiyə kimi dəfələrlə dəyişdirilmişdir. Bahalı taxtadan hazırlanmış, qızıl suyuna çəkilmiş hazırki ikitaylı qapı 1979-cu ildən Kəbəni bəzəyir. Kəbə evini ipəkdən toxunan örtüklə (buna kisvə deyilir) örtürlər. Əvvəllər kisvə Misirdə tikilib Ərəbistana gətirilirdi. Hal-hazırda bu işlə Məkkə şəhərində 240 nəfərin çalışdığı xüsusi fabrik məşğul olur. Kəbənin kisvəsi qara rəngli xalis ipəkdən toxunur, onun hazırlanmasında xeyli qızıl və gümüş sap işlədilir. Kisvənin üzərinə qızıl saplarla Quran ayələri, Allahın adları və naxışlar tikilir. Hər il həcc mövsümündən əvvəl kisvə təzələnir. Kəbə evinin dörd küncünə rükn deyirlər. Hər rüknün öz adı vardır. “Qara daş” bərkidilmiş künc rüknül-əsvəd, qalan künclər isə saat əqrəbi istiqamətində Yəmən rüknü, Şam rüknü və İraq rüknü adlanır. Rüknlərin adı onların istiqamətləndiyi ölkələrə uyğun seçilib. Rəvayətlərdə Yəmən rüknünün daha fəzilətli olduğu və bu rüknün yanında edilən duaların daha tez qəbul olunduğu bildirilir.
Müqəddəs Kəbə evi hansı ölçülərə malikdir?
