Muhəmməd İmam Əli ibn Əbu Talibin (ə) üçüncü oğludur. İmam Əlinin (ə) Bəni-Hənif qəbiləsindən olan Xovlə bint Cəfər ibn Qeys adlı qadınla izdivacından doğulmuşdu. Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra bəzi ərəb qəbilələri Əbu Bəkri xəlifə kimi tanımadıqları üçün onlarla müharibələr aparılmışdı. Belə qəbilələrdən biri də Bəni-Hənif qəbiləsi idi. Xilafət əsgərləri Əbu Bəkrin və yaxud Ömərin zamanında həmin qəbilə ilə döyüşüb onu məğlub etdilər, qadınları əsir tutub Mədinəyə gətirdilər. Xovlə ilə bir çox adlı-sanlı müsəlmanlar evlənmək istəyirdi. Lakin Xovlə onların heç birinin təklifini qəbul etməmiş və şərt qoymuşdu ki, hər kim onun doğum əhvalatının necə baş verdiyini təsvir edə bilsə, həmin şəxsə ərə gedəcək. Bu zaman İmam Əli (ə) Xovlənin anadan olduğu zaman hansı qəribə hadisələrin baş verdiyini söylədi və Xovlə onun həyat yoldaşı olmağa razılıq verdi. Bu izdivacın nəticəsində Mühəmməd doğuldu. Anası Bəni-Hənif qəbiləsindən olduğu üçün ona “İbn Hənəfiyyə” (Hənifli qadının oğlu) ləqəbi ilə müraciət edirdilər.
Muhəmməd ibn Hənəfiyyə kimdir və niyə bu adla (Hənəfiyyənin oğlu) tanınır?
