Rəbiül-əvvəl ayının 10-u, avqustun 23-nə təsadüf edən bu tarix sadəcə tarixi təqvimdəki bir uyğunluq deyil; bəşər tarixinin ən mühüm əlaqələrindən birinin başlanğıc nöqtəsidir. Bu gündə Xatəmül-ənbiya (s) ilə Həzrət Xədicə (s.ə) arasında qurulan bağ sadəcə bir evlilik deyil, Məkkənin çətin şəraitində İslam sivilizasiyasının ilk təməllərini qoyan strateji bir ittifaq idi. Bu birlikdə Xədicənin (s.ə) sərvəti və ictimai mövqeyi Peyğəmbərin (s) risaləti üçün dayaq rolunu oynadı və İslamın tənhalıq və qəriblik içində olduğu bir dövrdə vəhyin ağır yükünün daşıyıcısına, möminlərin qəlblərinə təsəlli mənbəyinə çevrildi.
ABŞ-ın Hyuston Universitetinin Ərəb Araşdırmaları bölməsinin rəhbəri İmran İqbal əl-Bədəvi “Kraliçalar və peyğəmbərlər: Ərəb zadəgan qadınları və müqəddəs kişilər bütpərəstliyi, xristianlığı və İslamı necə formalaşdırdılar” adlı kitabında Həzrət Xədicə (s.ə) haqqında ənənəvi rəvayətləri sorğulayır və onu VI və VII əsrlərdə Ərəbistanın dini və mədəni dəyişikliklərində əsas fiqur kimi təqdim edir.
Aşağıda Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) İmran İqbal əl-Bədəvi ilə müsahibəsinin tam mətni təqdim olunur:
İQNA: Kitabınızın bir fəslində Həzrət Xədicə (s.ə) yalnız həyat yoldaşına dəstək olan qadın kimi deyil, həm də tarixi və dəyişdirici bir şəxsiyyət kimi təqdim edilir. Bu yanaşma onun rolu haqqında ənənəvi İslam rəvayətlərinə necə meydan oxuyur və ya onları necə genişləndirir?
İmran İqbal əl-Bədəvi: Həzrət Xədicəni (s.ə) bu şəkildə təqdim etməkdə iki əsas məqsədim var.
Birincisi, o, Ərəbistanın və Yaxın Şərqin tarixini, mədəniyyətini və dinini formalaşdırmış qədim zadəgan qadınlar silsiləsinə mənsub idi. Bu qadınlar arasında kraliçalar, kahinələr, döyüşçülər, qəbilə başçıları və digər nüfuzlu şəxsiyyətlər vardı. Bu qadınların bəziləri sonradan İbrahim dinləri tərəfindən mənimsənilən və yenidən şərh edilən ilahilik təsəvvürləri ilə əlaqəli idilər.
İkincisi, ərəb mənbələri, o cümlədən sirə rəvayətləri Həzrət Xədicənin (s.ə) haqqını layiqincə əks etdirmir. O, həm Məhəmmədlə (s) peşəkar münasibətlərində, həm də şəxsi münasibətində — istər peyğəmbərliyindən əvvəl, istərsə də peyğəmbərliyinin ilk dövründə — daha üstün tərəf idi.
Bundan əlavə, bu mənbələrdə müəyyən balanssızlıq mövcuddur. Çünki Həzrət Xədicənin (s.ə) ailəsinin xristian və hənif keçmişini kölgədə qoyurlar, eyni zamanda Məhəmmədin (s) bütpərəst olan ailəsini təmizə çıxarır və tərifləyirlər.
Mən inanıram ki, Peyğəmbərin (s) həyat yoldaşı Həzrət Xədicə (s.ə), onun əmisi Əbu Talibdən daha çox, Peyğəmbərin (s) dəstəklənməsi və qorunmasında mühüm rol oynayıb.
İQNA: Dini tarixdə qadınların roluna yenidən baxmağa marağın artdığını nəzərə alaraq, xüsusilə müsəlmanların Həzrət Xədicə (s.ə) haqqında sizin yenidən oxunuşunuzdan nə əldə etmələrini istərdiniz?
İmran İqbal əl-Bədəvi: İlk növbədə, bunu qeyd etmək istəyirəm ki, İslamın banisinin bir qadınla, yəni Həzrət Xədicə (s.ə) ilə ən uzunmüddətli emosional münasibəti və ən yaxın işgüzar tərəfdaşlığı olub.
İnsanlar unudurlar ki, Məhəmməd (s) Həzrət Xədicəyə (s.ə) Əbu Talibdən, Əbu Bəkrdən və ya Ömərdən daha yaxın idi; o, həyatının daha böyük hissəsini Aişə və ya digər həyat yoldaşları ilə müqayisədə Həzrət Xədicə (s.ə) ilə keçirib.
Və nəhayət, ən mühüm məsələ budur ki, İslamda gender münasibətləri bu gün olduğu kimi qaçılmaz və ya əvvəlcədən müəyyənləşdirilmiş bir şey olmayıb. Bu gün İslamda Xədicə nümunəsinə əsaslanan evlilik ənənəsi haradadır? Əlbəttə, şiə evlilik ənənəsi sünni modelinə nisbətən bu qədim ənənəyə daha çox bənzəyir.
