Axtar

Qurani-Kərimin tilavətində qızıl dövr və tənəzzül dövrü

  • Paylaş:
Qurani-Kərimin tilavətində qızıl dövr və tənəzzül dövrü

“İQNA”-nın məlumatına görə, Misir İslam dünyasında tilavət sənətinin əsas mərkəzi olmasına baxmayaraq, müasir media məkanında "orijinal məktəblərin tədricən unudulması" və "yeni qari nəsli ilə sələflərin irsi arasında qırılma" müşahidə olunur. Bu gün bəzi kommersiya xarakterli və səthi tilavətlər bədii və düşündürücü qiraətləri əvəz edib. Misir ustadlarının əsrlər boyu qazandığı təcrübənin məhsulu olan vaqf, ibtida, ləhn və təcvid kimi dəqiq texnikalar lazımi şəkildə sənədləşdirilmir və təqdim olunmur.

İQNA bu sənətin "qədim məktəb"dən "tilavət dahiləri"nin yetişməsinə qədər olan təkamül yolunu yenidən gözdən keçirərək, mövcud vəziyyəti təhlil etməyi və orijinal Misir texnikaları ilə bugünkü Quran auditoriyasının bədii ehtiyacları arasında körpü qurmağı qarşısına məqsəd qoyub. Məqsəd tilavət sənətini "sadəcə təqlid ayini"ndən çıxarıb "canlı və dinamik bir axın"a çevirməkdir.

"Əl-Yəvmus-Sabi" bu barədə yazır: Səs yazma texnologiyası 1903-cü ildə Misirə gəlsə də, tilavət sənəti bir neçə onillik ərzində modernizmdən bəhrələnmədi. Misirin böyük qariləri səs yazma şirkətlərinin fəaliyyətinin ilk illərində tilavətlərinin yazılmasına razılıq vermirdilər. Bu hal müğənnilərə də şamil olunurdu; onlar bu yeni ixtiraya etibar etmir və onun uğurunu ikinci dərəcəli müğənnilərin səsi ilə təsdiqləmək üçün bir neçə il gözləməyə üstünlük verirdilər.

Quran qiraəti məsələsi isə daha mürəkkəb idi. Quranla bağlı yeni bir texnoloji imkan yarananda həmişə şəriət məhdudiyyətləri ilə bağlı tərəddüdlər olurdu və buna ehtiyatla yanaşılırdı. Nəhayət, zaman keçdikcə bu ixtiralar qəbul olundu və dövrün danılmaz faktlarına çevrildi. Bundan əlavə, ilk illərdə səsyazmanın müddətinin çox qısa olması (əvvəlcə 3 dəqiqə, sonradan 6 dəqiqə) tilavətlərin yazılmasının gecikməsində rol oynamış ola bilər.

Misirdə qeydə alınan ən qədim tilavət

Bizə çatan ən qədim Quran tilavəti 1905-ci ilə, Şeyx Məhəmməd Səlimin "Məryəm" surəsindən etdiyi qiraətə aiddir. Bir il sonra o, "Yusif" surəsindən başqa bir tilavət də yazdırıb. Onun haqqında, eləcə də onun mövcud olan musiqi valları barədə ətraflı məlumat yoxdur; bu səbəbdən də onun böyük peşəkar qarilərdən biri, yoxsa səs yazma şirkətləri üçün sınaq məqsədilə oxuyan bir müğənni olduğu dəqiq bilinmir.

Əslində, XX əsrin ilk 25 ilindəki böyük qarilərin tarixini araşdırdıqda, səsləri günümüzə gəlib çatmayan dörd böyük adla qarşılaşırıq: Mahmud əl-Qaysuni, Hüseyn əs-Savvaf, Hənəfi Bərəi və 1932-ci ildə, radiodan iki il əvvəl vəfat etmiş və bu sənətin zirvəsi sayılan Şeyx Əhməd Nəda.

Radionun açılışı, 31 may 1934-cü ildə Misir radiosunu öz səsi ilə açan və bu sənətin tarixdə banisi kimi tanınan Şeyx Məhəmməd Rüfətin (1882-1950) xatirəsini əbədiləşdirən ən önəmli hadisədir.

Radionun açılmasından onilliklər əvvəl belə məşhur olan Şeyx Rüfət, səsindəki bənzərsiz gözəllik və dərin hisslərlə radionun ən böyük ulduzuna çevrildi. O, təxminən on il ərzində, yalnız Ümm Gülsüm və Əbdülvahab ilə rəqabət apara biləcək səviyyədə ən nüfuzlu qari olaraq qaldı. 1943-cü ildə xəstəliyi onun tilavət etməsinə mane olsa da, dinləyicilər arasında bu günə qədər heç kimin inkar edə bilmədiyi xüsusi mövqeyini qoruyub saxlayır.

Şeyx Rüfətin nəslindən radioda daha bir qari var idi ki, o, Rüfətdən də yaşlı idi və səsi bizə çatan ən qədim məşhur qari sayılır: Şeyx Əli Mahmud (1878-1943). O, keçən əsrin iyirminci illərində bir neçə musiqi valı yazdırmış qari, müğənni və münşid (ilahəxan) idi. Lakin onun tilavətlərindən bizə cəmi altı yazı çatıb ki, onların da çox güman ki, xüsusi məclislərdə qeydə alındığı ehtimal olunur.

Bu nəsildə Şeyx Rüfətdən sonra ən mühüm ad isə radioda ikinci dəfə tilavət edən Şeyx Əbdülfəttah Şəşai (1890-1962) idi.

Müqəddəs Quran tilavəti sənətinin qızıl dövrü.

1930-cu illər ərzində sonrakı nəsillərdən olan bir sıra qari radioya qoşuldu. Onların ən görkəmliləri Şeyx Taha əl-Fəşni (1900–1971) və Şeyx Əbdüləzim Zahir (1904–1971) idi. Daha sonra, iyirmi yaşına çatmamış qiraət sahəsinə qədəm qoyan iki gənc qari — Şeyx Əbul-Eynəyn Şueyşə (1922–2011) və Şeyx Kamil Yusif əl-Bəhtimi (1922–1969) — bir müddət radioda tilavət etdilər. Sonra radionu tərk etdilər və 1940-cı illərdə yenidən radioya qayıtdılar.

Ən məşhur və ən təsirli misirli qarilər

Ən məşhur qarilər arasında Mahmud Xəlil əl-Husəri (1917–1980), Mahmud Əli əl-Bənna (1926–1985), Əbdülbasit Məhəmməd Əbdüssəməd (1927–1988) və Məhəmməd Siddiq əl-Menşavi (1920–1969) ilə yanaşı, onlardan əvvəl radioya daxil olmuş Şeyx Şueyşə və Şeyx əl-Bəhtimini də qeyd etmək olar.

Bu dövrün mərkəzi siması, eləcə də tilavət sənətində ən təsirli və ən zəngin üsluba malik qari Şeyx Mustafa İsmayıl (1905–1978) idi.