Axtar

Məzari-şərifdəki məqbərə kimə aiddir?

  • Paylaş:
Məzari-şərifdəki məqbərə kimə aiddir?

Məzari-şərif Əfqanıstanın əhali sarıdan dördüncü iri şəhəridir, ölkənin şimalında, Bəlx vilayətində yerləşir. Şəhərin adı burada mövcud olan məşhur ziyarətgahdan qaynaqlanır. Bu yerlərin əhalisinin inancına görə, Məzari-şərifdə İmam Əli ibn Əbu Talib (ə) dəfn edilib. Rəvayətə görə, İmam Əlinin (ə) cənazəsi gizlicə bura gətirilərək dəfn edilmiş və təxminən 500 ildən sonra aşkara çıxmışdır. Səlcuq hökmdarı Sultan Səncərin zamanında bu məzarın İmam Əliyə (ə) aid olması barədə xəbər yayılmış və burada ilk türbə tikilmişdir. Ziyarətgahın hazırki binası XV əsrdə Sultan Hüseyn Bayqara və Əlişir Nəvainin təşəbbüsü ilə inşa edilmişdir. Müsəlmanların əksəriyyətinin fikrincə, İmam Əli (ə) İraqda, Nəcəf şəhərində dəfn olunmuşdur. Əfqanıstandakı türbəni isə İmam Zeynülabidinin (ə) nəslindən olan bir seyyidə də aid edirlər. Həmçinin burada Zərdüştün basdırıldığı da ehtimal olunur.