Axtar

Kamil dostluğun meyarları hansıdır?

  • Paylaş:
Kamil dostluğun meyarları hansıdır?

Mübarək Ramazan ayından artıq iki həftədən çox müddət keçir. Əsil zamanıdır ki, öz halımızı təftiş edək, yoxlayaq.

Mübarək Ramazan ayında qazandığımız mənəvi ovqatı, halı qoruyub saxlaya bilirikmi?

Bu İlahi ziyafətdə öyrəndiyimiz, əldə etdiyimiz müsbət vərdişləri mübarək aydan sonra da həyatımıza tətbiq edə bilirikmi?

Ramazan ayında digər zamanlarda halal olan bir çox mövzuya "yox" dediyimiz kimi, Ramazan ayından sonra nəfsimizin istəklərinə "yox" deməyi öyrənmişikmi?

Allah hər birimizə mübarək Ramazan ayından sonra da yüksək, mütəali ruhiyyəyə malik olmağı nəsib etsin!

Toplum salamla dirilik tapır

Mübarək İslam dininin ən çox önəm verdiyi mövzulardan biri - insanlararası münasibətlərdir. İmanlı şəxs toplumda digər insanlarla münasibətlərində çox diqqətli olmalıdır. Allah Təala bizlərə digər insanlarla münasibətdə mülayim, xoş rəftar etməni tövsiyə edir. Xüsusən digər insanlarla ünsiyyətə başlayan zaman verilən salam da Rəbbimizin insanlarası münasibətlərə nə qədər önəm verdiyinə dəlalət edir.

Dinimiz salamı gözəl şəkildə bəyan etməyi tövsiyə edir. Salam - insanlarası münasibətin ən önəmli çalarlarından biridir. Salam varsa, insanlararası kommunikasiya, münasibət var, xoş əhval var, pozitiv ruhiyyə var. Evin içərisində, küçədə, məhəllədə, bazarda, dükanda, işdə-gücdə salam - münasibətlərin zinətidir.

Allahdan istəyirik ki, bizə salamı diri saxlamanı, kamil halda yerinə yetirməni nəsib etsin. Çünki, salam vermək - böyük bir əxlaq, mənəviyyat göstəricisidir. Salamı gözləyənlərdən deyil, verməyə tələsənlərdən olaq. Gözləməyək ki, əvvəl bizə salam versinlər, sonra biz o salama cavab verək. Çünki, salam verilən zaman ən böyük savab məhz o salamı verənə aid olur.

Uca Allah salam verənləri sevir. Salam əslində bir müsəlmanın, iman əhlinin vizit kartı, kimlik kartıdır. Salamı almaq da bir müsəlmanın üzərində vəzifədir. Toplum salamla dirilik tapır.

Kiminlə oturub-durursansa...

İnsanlararası münasibətlərdə xüsusi çaları, xüsusiyyətləri, keyfiyyəti olan mövzu isə dostluqdur. Dinimiz dostluğa da çox önəm verir və dostluğun özünəməxsus meyarları, qaydaları ilə bizi tanış edir. Dinimiz yaxşı, gözəl, mənəviyyatlı, tövhidpərəst, azadə insanlarla dostluq etməni, zaman keçirməni tövsiyə edir.

Biz kimlərlə oturub-dururuqsa, onların təsirinə düşürük, o rəngə boyanırıq. Bizim mühitimizin, ətrafımızın halımıza böyük təsiri var. Buyuruşlara diqqət etdikdə görürük ki, insanın salehlərlə oturub-durması insanı paklığa tərəf dəvət edər. Eyni zamanda pislərlə, mənfilərlə oturub-durma - yaxşılara nisbətən bizi bədbin edər.

Bir halda ki, yaxşı insanlarla, saleh əməl sahibləri ilə oturub-duranda bu prosesin özü sanki insan üçün paklığa dəvət, çağırış olur. Çünki, burada Allahın nəzəri, İlahi rəng, toparlanma, Allahı yada salma var. Amma, mənfilərlə zaman keçirdəndə, burada zənlər, qeybət, mənfiliklər, insanın qəlbinin kiçilməsi, daralması var. Nəticədə insanın özünün ruhu kiçilər, bədbinləşər.

Beləliklə, insan oturub-durduğu insanların rəngini götürər, onların mühitinin təsirinə düşər.

Dostluğun meyarları

Həzrət İmam Sadiq (ə) bizləri həqiqi dostluğun hüdudları barədə xəbərdar edir. Hər bir mövzunun tərifində müəyyən hədlər var, onun müəyyən tərkibləri var. Əgər bu tərkiblər olmasa, həmin bu məsələyə kamil bir şey demək çətin olar.

Eyni zamanda dostluq üçün də müəyyən xüsusiyyət və keyfiyyətlər var ki, əgər onun daxilində olmasa, ona kamil dostluq demək olmaz.

Bunlar hansılardır?

Birincisi budur ki, səninlə dostluq edən kəs gizlində və aşkarda səninlə bağlı eyni cür olmalıdır. Yəni, sən olanda da, sən olmayanda da səninlə bağlı eyni cür olmalıdır. Bu, çox önəmlidir.

İkincisi, sənin zinətini - öz zinəti, sənin eybini - öz eybi bilməlidir. Həqiqi dost sənin uğurlarını - öz uğurları, sənin nöqsanlarını - öz nöqsanları bilməlidir. Dostluqda belə olmur ki, ancaq yaxşı məsələlərinə sahiblənəsən və pis şeylərə yox deyəsən. Əgər həqiqi dostsansa, yaxşı məsələləri də özününkü bilməli, nöqsanları da özününkü bilməlisən. Belə olan halda həqiqi mənəvi ab-hava yaranmış olur.

Sən nöqsanları özününkü bildiyindən, həmin nöqsanları aradan qaldırmağın yollarını axtarırsan və beləlikə dostuna bu yolda kömək etmiş olursan.

Üçüncüsü, mal və məqam dostu dəyişməməlidir. Əgər bir adam mal və məqamla dəyişirsə, o adamdan dost çıxmaz. Çünki, mal və məqam asılılığı onu bir hala gətirəcək ki, daha səni unutduracaq.

Dördüncüsü, əlindən gələni səndən əsirgəməsin. Həqiqi dost o kəsdir ki, əlindən gələn heç bir şeyi dostu üçün əsirgəmir. Bəzən belə hal olur ki, insanın öz dostundan müəyyən umacaqları olur, amma özünün əlində olanlarla paylaşmaq istəmir. Buna da həqiqi dostluq demək mümkün deyil.

Beşincisi, müsibətlərdə, çətinliklərdə gərək səni boşlamasın, tək qoymasın. Kamil dost o kəsdir ki, yaxşı gündə olduğu kimi, çətin, müsibətli günlərdə də dostunu tək qoymaz, onun yanında olar.

Allah-tala bizə bu cür dostlar nəsib etsin və özümüzü də o kamilliyə çatdırsın ki, bu cür dostlardan ola bilək.

Allahım, günahlarımızı bağışla, tövbələrimizi qəbul et!

Allahım, bizi özbaşına buraxma!

Allahım aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahimoğlu