İman, insanın doğru hesab etdiyi həqiqətə ürəkdən inanmaq və onu qəbul etmək, buna əsasən isə söz və əməldə ona riayət etmək deməkdir.
Başqa sözlə desək, iman budur ki, insan Allaha, Peyğəmbərə (ə) Qurana, Qiyamət və Hesab-Kitab gününə, Cənnət və Cəhənnəm kimi həqiqətlərə həqiqi mənada inanıb, onlara uyğun şəkildə rəftar etsin.
Ona görə də İman insanı Allaha yaxınlaşdıran bir vasitədir. Əgər iman olmazsa, Allah ilə insanın bir biri ilə əlaqəsi də olmaz. İmanın özü iki həqiqətdən ibarətdir: Biri hiss və şüur, digəri isə meyl və hərəkətdir. Bəzi əməllər imanın ilk mərhələsinə, yəni hiss və şüura çatmağa mane olur və insanın imanını zəiflədir.
Aşağıda insanın imanını zəiflədən bəzi amilləri gətiririk.
1. Nəfsin istəklərinə tabe olmaq
İmam Əli (ə) buyurur: Ağlı nəfsinin istəklərinə qalib gələn şəxs nicat və səadətə qovuşar. Ağlı nəfsani istəklərinə məğlub olan şəxs isə sonda rüsvay və biabır olar.
2. Dünyaya meyl etmək
İmam Əli (ə) buyurur: Dünyapərəstlik insanın dinini məhv edir, iman və yəqinini əlindən alır.
İmam Sadiq (ə) buyurur: Allah qarşısında ilk üsyan və itaətsizliyə səbəb olan altı şey olmuşdur: Dünyapərəstlik, Hakimiyyət və vəzifə sevgisi, Yeməyə həddindən artıq bağlılıq (qarınqululuq), Qadınlara hədsiz məhəbbət, Çox yatmaq, Rahatlığa və bədən rahatlığına həddindən artıq meyl etmək.
3. Şeytanın vəsvəsəsi
İmam Əli (ə) buyurur: Allahın İblislə rəftarından ibrət götürün. Çünki onun uzunmüddətli əməyini və yorucu səylərini bir anlıq təkəbbür puça çıxardı. O, altı min il Allaha ibadət etmişdi. Lakin məlum deyil ki, bu illər dünya illərindən idi, yoxsa axirət illərindən.
İmam Əli (ə) başqa bir kəlamında buyurur: Sinələrə gizlicə nüfuz edən və qulaqlara asta-asta sehr üfürən bu düşməndən (Şeytandan) çəkinin.
4. Qəflət
Burada qəflət dedikdə Allahı, ölümü və axirət aləmini unutmaq nəzərdə tutulur.
İmam Əli (ə) buyurur: Qəflət yuxusunda olan kəsə vay olsun! O, necə də ziyankardır! Onun ömrü qısalır, savabı isə azalır.
İmam Əli (ə) başqa bir kəlamında buyurur: Ölümü xatırlamaq nəfsin istəklərini öldürür, qəflətin kök saldığı yerləri məhv edir, qəlbi Allahın vədləri ilə gücləndirir, insanın təbiətini incəldir, nəfsani arzuların bayraqlarını yerə sərir, hərislik atəşini söndürür və dünyanı insanın gözündə kiçildir.
Nəticə
Beləliklə, insanın imanını zəiflədən əsas amillər nəfsin istəklərinə tabe olmaq, dünyaya həddindən artıq bağlanmaq, Şeytanın vəsvəsəsinə uymaq, Allahı, ölümü və axirəti unutmaqdan yaranan qəflətdir. İnsan bu amillərdən uzaq duraraq imanını möhkəmləndirə və Allaha mənəvi yaxınlığını artıra bilər.
Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev
