Ailə insanın ilk tərbiyə aldığı, sevgi, mərhəmət, hörmət və ədalət anlayışlarını öyrəndiyi müqəddəs bir mühitdir. Uşağın şəxsiyyətinin formalaşmasında valideynlərin davranışı mühüm rol oynayır. Bu baxımdan ailədə uşaqlar arasında fərq qoymamaq, onların hamısına sevgi və diqqətlə yanaşmaq İslam əxlaqının əsas prinsiplərindən biridir. Xüsusilə Əhli-beyt (ə) məktəbində övladlar arasında ədalətli davranmaq böyük əhəmiyyət daşıyır.
Təəssüf ki, bəzi ailələrdə valideynlər fərqinə varmadan uşaqlarından birinə daha çox sevgi və diqqət göstərir, digərini isə ikinci plana keçirirlər. Bəzən oğlan uşağı qızdan üstün tutulur, bəzən böyük övlad daha çox əzizlənir, yaxud daha bacarıqlı və uğurlu olan uşağa xüsusi münasibət göstərilir. Bu cür davranış uşaqlar arasında qısqanclıq,inciklik, rəqabət və düşmənçilik yarada bilər. Nəticədə ailədə sevgi və birlik əvəzinə, narazılıq və soyuqluq formalaşır.
İslam dini övladlar arasında ədalətin qorunmasını tövsiyə edir. İslam Peyğəmbəri (s) buyurmuşdur: Övladlarınız arasında ədalətli davranın, necə ki, onların sizə qarşı yaxşılıq və mehribanlıq göstərmələrini istəyirsiniz.
Bu hədis valideynlərə mühüm bir məsuliyyəti xatırladır. Oda budur ki, uşaqların hər biri ailədə özünü dəyərli, sevilən və qəbul olunmuş hiss etməlidir.
Şiə məktəbinin əsasını təşkil edən Əhli-beyt (ə) təlimlərində ədalət yalnız cəmiyyətə münasibətdə deyil, ailə daxilində də qorunmalı olan ilahi bir prinsipdir. Həzrət Əli (ə) ədaləti hər şeyi öz yerində qərar vermək kimi izah edir. Bu baxımdan valideynlər övladlarının fərdi xüsusiyyətlərini, qabiliyyətlərini və ehtiyaclarını nəzərə almalı, lakin heç birini digərindən üstün tutaraq qəlbini qırmamalıdırlar.
Əlbəttə, uşaqların yaşına, sağlamlıq vəziyyətinə və ehtiyaclarına görə onlara fərqli münasibət göstərmək bəzən zəruridir. Məsələn, xəstə olan uşağa daha çox diqqət ayırmaq və ya kiçik övladın qayğısına daha çox qalmaq ayrı-seçkilik hesab olunmur. Əsas məsələ bu fərqli münasibətin ədalət və ehtiyac əsasında olması, digər uşaqlarda dəyərsizlik hissi yaratmamasıdır.
Valideynlər həmçinin uşaqları bir-biri ilə müqayisə etməkdən çəkinməlidirlər. «Qardaşın səndən daha ağıllıdır» və ya «Bacın kimi ol» kimi ifadələr uşağın özünəinamına zərər verə bilər. Bunun əvəzinə hər bir uşağın müsbət xüsusiyyətlərini üzə çıxarmaq, onları bacarıqlarına uyğun həvəsləndirmək və aralarında qardaşlıq-bacılıq sevgisini gücləndirmək lazımdır.
Ailədə uşaqlar arasında fərq qoymamaq yalnız gözəl əxlaq deyil, həm də valideynlərin dini və mənəvi məsuliyyətidir. Əhli-beyt (ə) məktəbinə uyğun ailə övladlarına ədalət, mərhəmət və bərabər sevgi ilə yanaşan ailədir. Unutmayaq ki, uşaqlar arasında ədalət bu gün onların qəlbində sevgi və güvən yaradır, sabah isə sağlam, mehriban və bir-birinə bağlı cəmiyyətin formalaşmasına xidmət edir.
Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev
