Axtar

Qəzəbi udmaq

  • Paylaş:
Qəzəbi udmaq

İslam dinində mömin insanın mənəvi kamilliyini göstərən mühüm xüsusiyyətlərdən biri də, qəzəbini cilovlamaq və onu udmaqdır. İnsan təbiət etibarilə müxtəlif hadisələr qarşısında qəzəblənə bilər. Lakin əsl mömin qəzəbinin əsiri olmayan, hisslərini ağıl və iman vasitəsilə idarə edə bilən insandır. Qəzəbini udmaq zəiflik deyil, əksinə, insanın öz nəfsinə hakim olmasının və yüksək mənəvi iradəyə sahib olmasının göstəricisidir.

Qurani-Kərimdə Allah-taala təqvalı insanların xüsusiyyətlərini sadalayarkən buyurur: O müttəqilər ki, bolluqda da, qıtlıqda da Allah yolunda xərcləyər, qəzəblərini udar və insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevir. (Ali-İmran, 134)

Bu ayədə qəzəbi udmaq təqvalı insanların mühüm xüsusiyyətlərindən biri kimi təqdim edilir. Diqqətəlayiq məqam budur ki, Allah-taala yalnız qəzəbi udmağı deyil, həm də insanları bağışlamağı və onlara yaxşılıq etməyi tövsiyə edir. Deməli, İslamda əsl mənəvi üstünlük insanın qəzəbləndiyi zaman qarşı tərəfə zərər verməməsi, kin və düşmənçilik hisslərini qəlbində böyütməməsidir.

Əhli-beyt (ə) məktəbində də qəzəbi idarə etmək əxlaqi kamilliyin mühüm göstəricisi hesab olunur. İmam Əli (ə) buyurur: Qəzəbdən çəkin, çünki onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır. Bu kəlam qəzəbin insanın düşünmə qabiliyyətinə necə təsir etdiyini və onu yanlış qərarlar verməyə sövq edə biləcəyini göstərir.

İmam Sadiqin (ə) məktəbində də qəzəbi cilovlamaq insanın öz nəfsinə hakim olması ilə əlaqələndirilir. Rəvayətlərdə həqiqi güclü insanın başqalarını məğlub edən deyil, qəzəb anında özünü idarə edə bilən şəxs olduğu vurğulanır. Bu mənada Peyğəmbərdən (s) nəql olunan məşhur hədisdə buyurulur: Güclü insan güləşdə qalib gələn deyil, qəzəbləndiyi zaman özünə hakim olan şəxsdir.

Qəzəbini udmaq insanın haqsızlıq qarşısında susması və ya zülmə razı olması demək deyil. İslam dini zülmə qarşı mübarizəni və haqqın müdafiəsini vacib hesab edir. Lakin bu mübarizə də qəzəbin, intiqam hissinin və nəfsani istəklərin təsiri altında deyil, ədalət və hikmət əsasında aparılmalıdır. Mömin insan haqsızlığa qarşı çıxarkən belə, öz əxlaqını və insani dəyərlərini qorumalıdır.

Qəzəbi cilovlamağın əsas yollarından biri, insanın Allahı xatırlaması, səbirli olması, tələsmədən düşünməsi və qarşı tərəfin səhvlərinə anlayışla yanaşmasıdır. Bəzən bir anlıq susmaq, sərt cavab verməmək və bağışlamağı bacarmaq böyük mübahisələrin, ailə problemlərinin və insanlar arasında düşmənçiliyin qarşısını alır.

Deməli, qəzəbini udmaq möminin imanını, təqvasını və nəfsinə hakimiyyətini nümayiş etdirən mühüm əxlaqi xüsusiyyətdir. Əhli-beyt (ə) məktəbinin bizə öyrətdiyi budur ki, insanın həqiqi böyüklüyü qəzəbləndiyi zaman necə davranmasında üzə çıxır. Qəzəbini idarə edən, bağışlamağı bacaran və insanlara qarşı mərhəmətli olan şəxs həm Allahın razılığına yaxınlaşar, həm də cəmiyyətdə sülhün, mehribanlığın və qardaşlığın möhkəmlənməsinə xidmət edər.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev