Xülasə
İslam əxlaqında haqqın müdafiəsi və batilin qarşısının alınması mühüm dini və ictimai vəzifələrdən hesab olunur. Şiə məzhəbinin etiqadi və əxlaqi prinsiplərində insanın qohumluq, dostluq, həmşəhrilik və ya yerlibazlıq kimi münasibətlər səbəbilə haqqı gizlətməsi və batil qarşısında susması mənfi qiymətləndirilir. Qurani-Kərim ədalətin qorunmasını hətta insanın özünün, valideynlərinin və yaxınlarının əleyhinə olsa belə tələb edir. Bu baxımdan qohumluq əlaqələrinin qorunması mühüm olmaqla yanaşı, onların haqq və ədalət prinsipindən üstün tutulması qəbul edilə bilməz. Məqalədə batil qarşısında susmağın mahiyyəti, qohumluq və yerlibazlığın insanın mövqeyinə təsiri və şiə əxlaqında bu məsələyə münasibət araşdırılır.
Giriş
İslam dini insan münasibətlərini yalnız qohumluq və sosial bağlılıqlar üzərində deyil, haqq və ədalət prinsipləri üzərində qurur. Qohumluq əlaqələrinin qorunması İslamda xüsusi əhəmiyyət daşısa da, bu əlaqə batil davranışın müdafiəsinə və ya haqsızlığa göz yummağa əsas vermir. İnsan qarşılaşdığı yanlışlıq və zülm qarşısında öz yaxınını müdafiə etmək naminə həqiqəti gizlətdikdə, şəxsi münasibəti mənəvi və ictimai məsuliyyətdən üstün tutmuş olur.
Allah-taala qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Ədaləti qoruyan və Allah üçün şahidlik edən kəslər olun, hətta bu, özünüzün, ata-ananızın və yaxın qohumlarınızın əleyhinə olsa belə...” (Nisa,135).
Ayə göstərir ki, insanın haqq qarşısındakı mövqeyi qohumluq münasibətindən asılı olmamalıdır. Ədalətin meyarı şəxsi bağlılıq deyil, həqiqətdir.
Qohumluq qarşısında haqqın meyar olması
Şiə düşüncəsində qohumluq əlaqələrinin qorunması (siləyi-rəhm) mühüm əxlaqi vəzifədir. Lakin bu vəzifə günahın, zülmün və haqsızlığın təsdiq edilməsi mənasına gəlmir. Əksinə, həqiqi xeyirxahlıq bəzən insanın yaxınını yanlış əməldən çəkindirməsini tələb edir. Buna görə də qohumun batil davranışını sırf qohumluğa görə müdafiə etmək və ya onun səhvini bilə-bilə gizlətmək həm fərdi, həm də ictimai baxımdan mənfi nəticələr yarada bilər.
İmam Əlinin (ə) ədalət haqqında irəli sürdüyü prinsipə görə, insan münasibətlərində şəxsi maraq və bağlılıqlar deyil, haqq əsas götürülməlidir. “Nəhcül-Bəlağə”də haqqın və ədalətin şəxsi münasibətlərdən üstün tutulması ilə bağlı çoxsaylı tövsiyələr mövcuddur. Bu yanaşmaya əsasən, möminin yaxın münasibətlərinin mövcudluğu onun ədalətli mövqe tutmasına maneə olmamalıdır.
Yerlibazlıq və ictimai ədalət
Yerlibazlıq da qohumbazlığın başqa bir forması kimi insanın obyektiv mövqeyinə təsir göstərə bilər. Eyni şəhərdən, kənddən, bölgədən və ya sosial çevrədən olmaq insanları bir-birinə yaxınlaşdıra bilər. Lakin bu yaxınlıq qarşı tərəfin haqsızlığını müdafiə etmək üçün meyar ola bilməz.
Quranda tayfa və qəbilələrin yaradılmasının məqsədi insanların bir-birini tanıması kimi göstərilir: “Sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız.” (Hucurat,13).
Ayənin davamında üstünlük meyarının təqva olduğu bildirilir. Deməli, milli, regional və sosial mənsubiyyət insanın mənəvi üstünlüyünün və ya haqlılığının göstəricisi hesab edilə bilməz.
Əmr bil-məruf və nəhy ənil-münkər prinsipi
Şiə fiqhində mühüm ictimai-dini vəzifələrdən biri “Əmr bi-məruf və Nəhy ənil-munkər”-dir. Bu prinsip yaxşılığa çağırmağı və pislikdən çəkindirməyi nəzərdə tutur. İnsan bir batil davranışla qarşılaşdıqda, müəyyən fiqhi şərtlər daxilində ona münasibət bildirmək məsuliyyəti daşıya bilər. Burada məqsəd şəxsi qarşıdurma yaratmaq deyil, haqqı qorumaq və cəmiyyətin mənəvi sağlamlığına töhfə verməkdir.
Lakin nəhy Ənil-munkərin tətbiqində hikmət, münasib üsul və nəticələrin nəzərə alınması vacibdir. Hər bir yanlış davranışa sərt və düşünülməmiş reaksiya vermək düzgün yanaşma deyil. İnsan batili rədd edərkən təhqir, böhtan və düşmənçilikdən çəkinməli, mümkün qədər islah və nəsihət yolunu seçməlidir.
Nəticə
Şiə məzhəbinin əxlaqi və hüquqi prinsiplərinə əsasən qohumluq və yerlibazlıq haqq və ədalət meyarını əvəz edə bilməz. İnsan öz yaxınını sevməli, qohumluq əlaqələrini qorumalı, lakin onun batil davranışını sırf yaxınlıq səbəbilə müdafiə etməməlidir. Haqsızlıq qarşısında susmaq bəzən batilin möhkəmlənməsinə şərait yarada bilər. Buna görə möminin mövqeyi şəxsi bağlılıqdan deyil, haqq, ədalət və dini məsuliyyətdən müəyyənləşməlidir. Bununla yanaşı, batilə etiraz edərkən hikmət, ədəb, ədalət və islah məqsədi qorunmalıdır. Beləliklə, İslamın nəzərdə tutduğu ideal münasibət nə kor-koranə tərəfkeşlik, nə də düşmənçilikdir; əsas meyar haqqın qorunması və ədalətin bərqərar edilməsidir.
Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev
