İnsan yaranışından bəri yuxuların sirrini anlamağa çalışmışdır. Bəzən insan yuxuda heç vaxt görmədiyi məkanlara gedir, dünyasını dəyişmiş yaxınları ilə görüşür, gələcəkdə baş verəcək hadisələrə işarə edən görüntülərlə qarşılaşır. Bəzən isə elə yuxular görür ki, oyandıqdan sonra uzun müddət onun təsirindən çıxa bilmir. Bütün bunlar belə bir sual doğurur: Görəsən, yuxular sadəcə beynin fəaliyyəti və gündəlik düşüncələrin əksidir, yoxsa başqa bir aləmlə əlaqənin qapısı ola bilər?
İslamın, xüsusilə də şiə məktəbinin dünyagörüşündə bu suala maraqlı və dərin cavablar mövcuddur.
İlk olaraq bilməliyik ki, insan yalnız maddi bədəndən ibarət deyil. Onun ruhu vardır və ruhun həqiqəti maddi aləmin sərhədlərindən daha genişdir. Allah-taala quranda buyurur: Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). (Zumər, 42).
Bu ayə yuxu ilə ölüm arasında müəyyən mənəvi oxşarlığın olduğunu göstərir. Belə ki, yuxu zamanı insanın bədəni hərəkətsiz qalsa da, onun ruhu və şüuru fərqli təcrübələr yaşaya bilir. Bu baxımdan yuxu insanın maddi aləmdən kənar həqiqətlərlə müəyyən formada tanış olması üçün bir vasitə kimi dəyərləndirilə bilər.
Şiə etiqadında yuxuların hamısı eyni dərəcədə həqiqi və etibarlı hesab edilmir. Rəvayətlərdə yuxular əsasən üç növə bölünür:
Allah tərəfindən müjdə və xəbərdarlıq xarakteri daşıyan doğru yuxular,
İnsanın gündəlik düşüncələrinin və daxili istəklərinin əks olunduğu yuxular,
Həmçinin şeytani və narahatedici yuxular.
Bu bölgü göstərir ki, hər yuxunu qeybdən gələn bir xəbər kimi qəbul etmək düzgün deyil.
Doğru yuxular bəzən insan üçün mənəvi bir işarə və ya xəbərdarlıq ola bilər. Tarixdə peyğəmbərlərin (ə) yuxularına da xüsusi əhəmiyyət verilmişdir. Məsələn, həzrət İbrahimin (ə) yuxuda oğlunu qurban verdiyini görməsi Qurani-Kərimdə qeyd olunur (Saffat, 102).
Bu hadisə peyğəmbərlərin (ə) yuxularının adi insanların yuxularından fərqli mənəvi məqama malik olduğunu göstərir. Eyni zamanda, həzrət Yusifin (ə) yuxuları yozmaq qabiliyyəti də yuxuların bəzi hallarda qeybi həqiqətlərlə əlaqəli ola biləcəyinə dəlildir.
Şiə dünyagörüşündə bərzəx aləmi də bu mövzunun anlaşılması baxımından əhəmiyyətlidir. Bərzəx dünya həyatı ilə axirət arasında yerləşən bir mərhələdir. Bəzi alimlərin izahlarına əsasən, insan yuxu zamanı ruhani aləmlə müəyyən əlaqə qura və maddi dünyada mövcud olmayan həqiqətləri qismən dərk edə bilər. Lakin bu, hər yuxunun mütləq bərzəx aləminə açılan qapı olması demək deyil.
Burada mühüm bir məqamı da unutmaq olmaz: Şiə məktəbinə görə, yuxular dini etiqad və hökmlər üçün müstəqil dəlil hesab edilmir. İnsan yuxuda bir şəxsi görə, müəyyən bir hadisədən xəbərdar olduğunu düşünə və ya dini bir göstəriş aldığını zənn edə bilər. Ancaq bu yuxu Quranın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) mötəbər təlimlərinin yerini tuta bilməz. Yuxu əsasında halal və haram müəyyənləşdirmək, yaxud başqaları haqqında qəti hökm vermək doğru deyil.
Ona görə də, “Yuxular başqa bir dünyanın qapısı ola bilərmi?” sualına, şiə məktəbi belə cavab verir: Müəyyən yuxular insanın ruhani aləmlə əlaqəsinin təzahürü və mənəvi həqiqətlərə açılan kiçik bir pəncərəsi ola bilər. Lakin bu pəncərə hər zaman açıq deyil və oradan görünən hər şey də mütləq həqiqət sayılmır. Yuxulara nə tamamilə etinasız yanaşmaq, nə də onları mütləq həqiqət kimi qəbul etmək lazımdır. Ən doğru yanaşma yuxuları Quranın, Əhli-beytin (ə) təlimlərinin və sağlam ağlın işığında dəyərləndirməkdir. Bəlkə də yuxuların ən böyük sirri bizə başqa bir dünyanı göstərməsindən daha çox, insanın öz ruhunun nə qədər dərin və sirli olduğunu xatırlatmasıdır.
Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev
