İnsanlıq tarix boyu cavabını axtardığı ən böyük suallardan biri ölümdən sonra həyatın davam edib-etməməsidir.
İnsan öldükdən sonra onun düşüncələri, xatirələri, hissləri və özünü dərk etmə qabiliyyəti yox olurmu? Yoxsa fiziki bədən fəaliyyətini dayandırsa da, insanın şüuru başqa bir formada mövcudluğunu davam etdirir? Bu sual həm müasir elmin, həm psixologiyanın, həm də dini-fəlsəfi düşüncənin diqqət mərkəzindədir.
Elmi baxımdan şüur insan beyninin fəaliyyəti ilə sıx bağlıdır. Beyində baş verən elektrik və kimyəvi proseslər düşünmə, xatırlama, hiss etmə və qərarvermə kimi funksiyaları təmin edir. Müasir nevrologiya göstərir ki, beyin fəaliyyətinin ciddi şəkildə pozulması insanın şüuruna da təsir edir. Lakin ölümündən sonra insan şüurunun müstəqil şəkildə davam edib-etmədiyini təsdiqləyən etibarlı elmi sübut hələ mövcud deyil. Ölümə yaxın yaşanan təcrübələr, tunel görmək, parlaq işıq hiss etmək və bədəndən ayrılma duyğusu kimi hadisələr isə alimlər tərəfindən müxtəlif nevroloji və psixoloji proseslərlə izah edilməyə çalışılır.
Psixoloji baxımdan insanın şüuru yalnız düşüncələrdən ibarət deyil. Buraya xatirələr, şəxsiyyət, emosiyalar, özünü tanıma və ətraf aləmi qavrama da daxildir. İnsan özünü keçmiş xatirələri və yaşadığı təcrübələr vasitəsilə tanıyır. Ölüm düşüncəsi isə insanlarda qorxu, narahatlıq və qeyri-müəyyənlik yarada bilər. Psixologiyada ölüm qorxusu (tanatofobiya) anlayışı mövcuddur. Maraqlıdır ki, ölümdən sonrakı həyata inanmaq bəzi insanlarda ölüm qorxusunu azaldır, onlara mənəvi rahatlıq və həyat məqsədi verir. Bununla belə, psixologiya dini inamı təsdiqləmək və ya təkzib etməkdən daha çox onun insanın düşüncə və davranışlarına təsirini araşdırır.
İslam dininin etiqadına görə isə ölüm insanın tamamilə yox olması deyil, bir aləmdən digərinə keçididir. Yəni islam dinində insanın ruhunun bədəndən ayrıldıqdan sonra, mövcudluğunu davam etdirdiyinə inanılır. Bu mərhələ bərzəx adlanır. Bərzəx dünya həyatı ilə qiyamət arasında olan aləm hesab edilir. Bu inanca əsasən, insanın ruhu müəyyən formada şüur və dərk qabiliyyətini qoruyur, dünyadakı əməllərinin nəticələrini hiss edir. Qiyamət günü isə insanlar yenidən dirildiləcək və Allah qarşısında əməllərinə görə hesaba çəkiləcəklər. İslam dininin etiqadında ruhun ölməzliyi və axirət həyatı mühüm dini prinsiplərdəndir.
Deməli, elm ölümündən sonra şüurun davam etməsini hələ sübut etməyib, psixologiya ölüm düşüncəsinin insanın mənəvi dünyasına təsirini araşdırır, islam dini isə ruhun bədən ölümündən sonra da yaşamağa davam etdiyini qəbul edir. Bu üç yanaşma fərqli metodlara və dünyagörüşlərinə əsaslansa da, insanın varlığı, şüuru və həyatın mənası haqqında düşünməyə sövq edir. Bəlkə də ölüm haqqında ən düşündürücü sual insanın nə vaxt öləcəyi deyil, ölümə qədər necə yaşadığıdır.
