Türkiyənin və Avropanın ən böyük Əhli-Beyt İnanc Mərkəzi – Zeynəbiyyə Məscidi və Mədəniyyət Mərkəzi İstanbulun Küçükçekmece bələdiyyəsində açılıb.
Həzrət İmam Əlinin (ə) əziz qızı Həzrət xanım Zeynəbin (s) mübarək mövludu münasibətilə 26 oktyabr tarixində təntənəli şəkildə keçirilən açılış mərasimində Türkiyə vitse-prezidenti Cevdət Yılmaz, ana müxalifət CHP partiyasının sədri Özgür Özel, İstanbul valisi Davut Gül, İstanbul Böyükşəhər Bələdiyyə başqanının müavini Nuri Aslan və Türkiyədəki Cəfərilərin lideri Səlahəddin Özgündüz iştirak ediblər.
Kərbəlanın 72 şəhidinə ithafən 72 min kvadratmetr qapalı sahədə inşa edilən Məsciddə, həyət də daxil olmaqla, eyni anda ümumilikdə 40 min nəfər ibadət edə biləcək. 2009-cu ildə tikintisinə başlanılan bu möhtəşəm ibadət kompleksinin inşasına Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi ilə yanaşı, İstanbul Böyükşəhər və xüsusilə Küçükçekmece bələdiyyələri başda olmaqla bir çox yerli idarələr dəstək göstərib.
CHP partiyasının lider Özgür Özəl buradakı çıxşında deyib:
“Biz məscidə, məktəbə, hərbi hissəyə siyasətin daxil olmasını istəmirik. Buna hər zaman qarşıyıq. Hər inanca, hər kimliyə hörmət edirik. Hər kəsin öz inancını azad şəkildə yaşamasını təmin edirik. Cemevlərinin ibadətgah kimi tanınmasını müdafiə edirik. Heç kimin öz inancı və kimliyinə görə kənarlaşdırılmadığı, hər kəsin bərabər hiss etdiyi bir ölkə arzulayırıq. Ölkəmizin azadlıq və qardaşlıq prinsipi üzərində qurulması üçün çalışırıq. Hər kəs üçün ədalət istəyirik. Bu gün bu məscidin açılışında da səmimiyyətlə ədalət diləyirik”.
Türkiyə vitse-prezidenti Cevdet Yılmaz çıxışına başda Kərbəla şəhidləri olmaqla, haqq və həqiqət uğrunda canlarını fəda edən bütün şəhidləri və İmam Cəfəri Sadiqi (ə) anmaqla başlayıb:
“Məscidlər cəmiyyətin birliyinin və bütövlüyünün qorunmasına xidmət edir. Həzrət Zeynəbin adı ilə inşa edilən bu məscidin bütün qadınlara ilham olmasını arzulayıram. Yeni Kərbəlalar yaşanmaması üçün etməli olduğumuz ən vacib şey birlik və bərabərliyimizə sahib çıxmaqdır”.
Türkiyədəki Cəfərilərin lideri Səlahəddin Özgündüz isə çıxışında bildirib:
“Bir sevincim var: 16 illik zəhmət, daha onun öncəsi də mövcuddur. Artıq məscidin önəmli bir hissəsi xidmətə açılır. Açılışı bu günə salmağımızın səbəbi, Həzrət Zeynəbin adı ilə bəzədilmiş bu ibadətgahın onun mübarək doğum günündə açılmasının münasib olacağını düşünməyimizdir”.
