Axtar

Maldiv adalarının ən böyük məscidinin təməl daşı qoyulub

  • Paylaş:
Maldiv adalarının ən böyük məscidinin təməl daşı qoyulub

Maldiv adalarının ən böyük məscidinin təməl daşı qoyulub

Məscidin təməl daşı 14 sentyabr tarixində Maldiv adalarının Prezidenti Məhəmməd Müizzunun iştirakı ilə «Hulhümale» adasında qoyulub.

Mərasimdə Maldiv adalarının İslam İşləri naziri Məhəmməd Şəhim Əli Səid və layihənin icrasını üzərinə götürmüş Səudiyyə Ərəbistanının «Ər-Racihi» şirkətinin baş direktoru Bəndər Abdullah ər-Rəcihi də iştirak ediblər.

Layihənin başlanması Maldiv xalqının İslama keçməsinin tarixi 900-cü ildönümünə təsadüf edib.

Maldiv adalarının İslam İşləri Nazirliyi bildirib ki, bu kompleks ölkənin mühüm simvollarından biri kimi İslam sivilizasiyasını və Maldiv adalarının memarlıq irsini əks etdirəcək.

10 min nəfərlik tutum

Məscidin əsas ibadət zalı eyni vaxtda 10 min namaz qılan şəxsi qəbul edə biləcək. Bu baxımdan məscid Maldiv adalarının paytaxtı Maledə yerləşən Kral Salman məscidindən daha böyük olacaq.

Yeni layihədə namaz qılınması üçün nəzərdə tutulan məkanlarla yanaşı, İslam təhsili və İslam mədəniyyətinin təbliği üçün geniş imkanlar da yaradılacaq. Bu imkanlar arasında İslam kitabxanası, mədəniyyət mərkəzi və Qurani-Kərimlə bağlı tarixi məlumatlara həsr olunmuş muzey də yer alır.

Həmçinin kompleksdə İslam əsərlərinin və mövzularının nümayiş etdirilməsi üçün sərgi salonu və sosial məqsədlər üçün çoxfunksiyalı zalın yaradılması nəzərdə tutulub.

Kompleksdə geniş ictimaiyyət və turistlər üçün xüsusi bölmə də olacaq. Burada İslam kitab mağazası və hədiyyə mağazası fəaliyyət göstərəcək.

Maldiv hökuməti bildirib ki, bu layihə həm Hulhümalé sakinləri, həm də ölkəyə səfər edən ziyarətçilər və turistlər üçün İslam təhsili və mədəniyyətinin gücləndirilməsində mühüm rol oynayacaq.

 

İqna.ir/az