Malmö şəhərində doğulub boya-başa çatan 23 yaşlı isveçli Kamilla Qlenstrup İslamı qəbul etdikdən sonra niqab taxır və bu örtüklə özünü azad hiss etdiyini bildirir.
Bu xəbər, Xristian Demokratlar (KD) və İsveç Demokratları (SD) partiyalarının 2026-cı il seçkilərinə ictimai yerlərdə burqa və niqabın qadağan edilməsi təklifləri ilə hazırlaşdığı bir vaxta təsadüf edir.
Kamilla müsəlman kimi doğulmayıb. O, 20 yaşında İslamı qəbul etməzdən əvvəl buddist idi. Taylandlı və çox dindar bir ana ilə dini etiqadı olmayan isveçli bir atanın qızıdır. O, İslamda özünün əsl yerini tapdığını hiss etdiyini deyir. İslamla tanışlığı bir dostu vasitəsilə başlasa da, əsasən COVID-19 pandemiyası dövründə internetdə İslam haqqında mühazirələrə baxaraq bu dinə marağı artıb.
İslamı qəbul etmək qərarı ailə mühitində asan olmayıb. Kamilla bildirir ki, ailəsi bu qərara qəti şəkildə qarşı çıxıb və o, valideynlərinin, xüsusilə də anasının reaksiyasından qorxduğu üçün əvvəlcə müsəlman olduğunu gizlədib.
O deyir: "Mənim üçün çox çətin vəziyyət idi. Valideynlərimdən, xüsusən də anamdan dəhşətə gəlirdim. Müsəlman olduğumu demək istəyirdim, amma valideynlərimdən gizlədirdim".
Hicab taxmaq qərarına gəldikdə, onun sözlərinə görə, evdə vəziyyət çox gərginləşib: "Hicab taxmaq istədiyimi dedikdə ev alt-üst oldu, qarışıqlıq düşdü. Sadəcə öz-özümə fikirləşirdim: evdən qaçmalıyam? Dua etməliyəm? Yoxsa eləcə dayanıb susmalıyam? Nəfəsim kəsilmişdi. Dəhşət içində idim".
Anasının narahatlığının səbəbi haqqında o deyir: "O, dəyişəcəyimdən qorxurdu. Amma mən əvvəlki adamam. Bir müddət keçdi, nəhayət anam məsələni başa düşdü. Bununla belə, münasibətlərimiz əvvəlcə çox gərgin idi".
Kamillanın sözlərinə görə, ailəsinin İslam haqqındakı təsəvvürü KİV-dəki xəbərlərə əsaslanırdı; onlar xəbərlərdə İŞİD terror qruplaşmasını görürdülər, lakin "İŞİD-in mənimlə heç bir əlaqəsi yoxdur. İnsanlar təkcə İslamın mənfi deyil, müsbət tərəflərinə də diqqət yetirməlidirlər".
Kamilla ilk dəfə 2024-cü ildə hicab taxmağa başlayıb. O deyir ki, bundan əvvəl hər hansı digər gənc qadın kimi geyinirdi: cins şalvar, köynək, pencək və bol makiyaj; lakin qeyd edir ki, o dövrdə də geyimi nisbətən örtülü idi, yəni qollarını və ya ayaqlarını çılpaq qoymurdu.
Zaman keçdikcə bədənini örtməklə özünü daha rahat hiss edib və nəhayət niqabı seçib. Bu, üzü bağlayan və yalnız gözləri açıq qoyan bir örtükdür. O, bu barədə böyük həvəslə danışır; niqabı onlayn sifariş edib sınaqdan keçirəndə özünü videoya çəkib və yayımlayıb.
Onun niqaba baxışı, onu qadınların zülm rəmzi hesab edən ümumi təsəvvürdən tamamilə fərqlidir.
O deyir: "Bu, insana rahatlıq verir. Özümü azad bir qadın kimi hiss edirəm. Sadəcə bu geyimlə həqiqətən özüm ola bildiyimi hiss edirəm. Amma çoxları bunu başa düşmür. Onlar düşünürlər ki, mən məzlumam və məcburiyyət qarşısında buna razı olmuşam".
