Xülasə
Şiə imamiyyə məzhəbində təvəssül (Allahın seçilmiş bəndələrini vasitə qərar vermək) və istiğasə (çətinlik zamanı kömək istəmək) məsələsi İslam kəlamında ən çox müzakirə olunan mövzulardandır. Xüsusilə "Məsum imamlardan birbaşa nəsə istəmək olarmı?" sualı həm şiə, həm də digər İslam məzhəbləri arasında müxtəlif yanaşmaların meydana çıxmasına səbəb olmuşdur. İmamiyyə şiələrinin etiqadına görə, Allah mütləq qüdrət sahibi və bütün varlıqların yeganə müstəqil təsir sahibidir. Məsum imamlar (ə) isə Allahın seçilmiş bəndələri, ilahi höccətlər və Onun izni ilə bəndələr üçün şəfaətçi olan müqəddəs şəxsiyyətlərdir. Buna görə də imamlara (ə) müraciət müstəqil qüdrət sahibinə müraciət kimi deyil, Allahın izni ilə vasitəçi olan ilahi övliyalara yönələn təvəssül kimi qiymətləndirilir.
Giriş
İslam dininin ən mühüm etiqadi prinsipi tövhid, yəni Allahın zatında, sifətlərində və əməllərində yeganə olmasıdır. Qurani-Kərim bütün duaların və ibadətlərin yalnız Allaha yönəldilməsini əmr edir. Ona görə də Allah-taala Fatihə surəsində bizə buyurur ki, Allah qarşısında bəndə olduğumuzu bildirmək üçün belə deməliyik: “Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik." (Fatihə,5).
Digər tərəfdən Quranda möminlərə Allaha yaxınlaşmaq üçün vasitə axtarmaq da əmr olunur.
Misal üçün Allah ayələrin birində buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və Ona yaxınlaşmaq üçün vəsilə axtarın..." (Maidə,35).
Şiə alimləri bildirirlər ki, bu iki ayə arasında heç bir ziddiyyət yoxdur. Dua və ibadətin həqiqi ünvanı Allahdır, lakin Allah Öz dərgahına yaxınlaşmaq üçün müəyyən vasitələrdən istifadə etməyə də icazə vermişdir. Bu vasitələrə saleh əməllər, dua, sədəqə, Qurani-Kərim və Allahın seçilmiş peyğəmbərləri və övliyaları da daxildir.
Təvəssül anlayışı
Ərəb dilində "Təvəssül" sözü "Vəsilə" kökündən olub, "Yaxınlaşmaq üçün vasitə seçmək" mənasını ifadə edir. Şiə alimləri təvəssülü Allahdan qeyrisinə ibadət deyil, Allahın Özünün icazə verdiyi bir yaxınlaşma vasitəsi hesab edirlər.
Əllamə Təbatəbayi "əl-Mizan" təfsirində yazır ki, Maidə surəsinin 35-ci ayəsində qeyd olunan "vəsilə" anlayışı insanı Allahın razılığına yaxınlaşdıran hər bir vasitəni əhatə edir. Ən kamil vasitələr isə Allahın seçilmiş peyğəmbərləri və məsum övliyalarıdır.
Buna görə də şiə məzhəbində "İlahi, Məhəmməd və Ali-Məhəmmədin hörmətinə mənə şəfa ver" və ya "Ya Əli, Allah yanında mənim üçün dua et" kimi müraciətlər təvəssül nümunələri hesab olunur.
Məsum imamların (ə) mənəvi məqamı
İmamiyyə etiqadına görə on iki imam (ə) Allah tərəfindən təyin olunmuş ilahi rəhbərlərdir. Onlar vəhy almırlar, lakin Allahın elmindən bəhrələnirlər, günahdan qorunmuşlar (məsumdurlar) və dinin düzgün izahçısıdırlar.
Allah-taala quranda buyurur: "Allah yalnız siz Əhli-beytdən hər cür çirkinliyi uzaqlaşdırmaq və sizi tam pak etmək istəyir." (Əhzab, 33).
Şiə təfsirlərində bu ayə Peyğəmbər (s), Həzrət Fatimə (ə), İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə), sonrakı imamlar haqqında ilahi paklıq dəlili kimi qiymətləndirilir.
İmamların (ə) bu yüksək məqamı onların müstəqil ilah olmalarını deyil, Allahın seçilmiş bəndələri olduqlarını göstərir.
Məsum imamlardan (ə) birbaşa istəmək məsələsi
Bu mövzuda şiə alimlərinin əsas izahı budur ki, ifadənin zahiri forması ilə danışanın etiqadı bir-birindən fərqləndirilməlidir.
Məsələn, bir şəxs: “Ya Əli, mənə kömək et.” dedikdə, əgər məqsədi "Allahın sənə verdiyi məqam və iznlə mənim üçün dua et və Allahdan kömək istə" mənasındadırsa, bu, şirk hesab edilmir.
Lakin əgər bir şəxs imamın (ə) Allahdan tam müstəqil şəkildə kainatda təsir etdiyinə, hacətləri öz qüdrəti ilə yerinə yetirdiyinə inanarsa, bu etiqad şiə alimləri tərəfindən də qəbul edilmir. Çünki Quranda belə bir ayə var ki, Allah həmin ayədə Peyğəmbərə (s) əmr edərək, buyurur: "De: Mən özüm üçün də Allahın istədiyindən başqa nə bir faydaya, nə də bir zərərə sahibəm." (Əraf,188).
Bu ayə göstərir ki, Peyğəmbərin özü belə müstəqil qüdrət sahibi deyildir. İmamlar (ə) da eyni prinsip əsasında Allahın izni ilə fəaliyyət göstərirlər.
Şəfaət və istiğasə
Qurani-Kərimdə şəfaətin mövcudluğu təsdiq edilir.
Misal üçün Allah bəqərə surəsində buyurur: "Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər?" (Bəqərə, 255).
Bu ayədən belə nəticə alınır ki, şəfaət tamamilə inkar edilmir; əksinə, Allahın icazəsi ilə mümkün olduğu bildirilir.
Şiə alimləri deyirlər ki, imamların (ə) insanlara yardım etməsi də bu qəbildəndir. Onlar Allahın izni olmadan heç bir təsir göstərə bilməzlər.
Bəzi dualarda: "Ya Əli ədrikni" və ya “Ya Hüseyn” kimi ifadələr işlədilir. Şiə alimlərinin izahına görə bunlar ibadət deyil, ilahi övliyaya müraciət formasında təvəssüldür.
Şiə alimlərinin mövqeyi
Şeyx Müfid (336–413 h.q.)
Şeyx Müfid qeyd edir ki, imamların (ə) möcüzələri və kəramətləri Allahın yaratdığı qüdrətlə baş verir. Onlar müstəqil təsir sahibi deyillər.
Şərif Mürtəza (355–436 h.q.)
O bildirir ki, Allahın yaxın bəndələrini vasitə qərar vermək Qurana zidd deyil və bu, dua növü deyil, dua üçün vasitə seçməkdir.
Şeyx Tusi (385–460 h.q.)
Şeyx Tusi "Misbahül-Mütəhəccid" əsərində imamlara (ə) təvəssül dualarını nəql etmiş və bunları müsəlmanların mənəvi ibadət həyatının bir hissəsi kimi təqdim etmişdir.
Əllamə Təbatəbai (1903–1981)
"Əl-Mizan" təfsirində yazır ki, təvəssülün mənası Allahdan qeyrisinə ibadət etmək deyil, Allahın razılığına aparan vasitədən istifadə etməkdir.
Ayətullah Cəfər Sübhani
Müasir şiə kəlamçılarından olan Sübhani vurğulayır ki, şiə etiqadında bütün səbəblər Allahın yaratdığı səbəblərdir. İmamların (ə) təsiri də yalnız ilahi iradənin təzahürüdür.
Müxalif baxışlar
Bəzi sünni alimləri "Ya Əli", "Ya Hüseyn" kimi müraciətləri doğru hesab etmir və bunun insanı şirkə yaxınlaşdıra biləcəyini bildirirlər. Onlar duaların yalnız birbaşa Allaha edilməsinin daha münasib olduğunu müdafiə edirlər.
Şiə alimləri isə cavab olaraq bildirirlər ki, şirk ibadətdə və etiqadda baş verir. Əgər imam (ə) Allahın müstəqil şəriki hesab edilmirsə və bütün qüdrətin Allahdan olduğu qəbul edilirsə, bu müraciət ibadət deyil, təvəssüldür.
Nəticə
İmamiyyə şiə məzhəbinin qəbul etdiyi əsas prinsip budur ki, kainatda müstəqil təsir sahibi yalnız Allahdır. Məsum imamlar Allahın seçilmiş bəndələri və Onun izni ilə şəfaət edən müqəddəs şəxslərdir. Buna görə də onlardan birbaşa hacət istəmək, əgər bu müraciət onların Allah yanında vasitəçi olması və bütün təsirin Allahdan qaynaqlandığı etiqadı ilə edilərsə, şiə alimlərinin böyük əksəriyyəti tərəfindən caiz hesab olunur.
Beləliklə, Şiə etiqadında "Ya Əli", "Ya Hüseyn" və oxşar müraciətlər imamlara (ə) ibadət etmək deyil, Allahın sevimli bəndələrini vasitə qərar vermək mənasında başa düşülür. Bu yanaşmanın əsasında isə Qurani-Kərimin vəsilə və şəfaət ayələri, Əhli-beyt (ə) haqqında nəql olunmuş hədislər və şiə kəlam məktəbinin tövhid anlayışı dayanır.
Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev
