Axtar

Şiə məzhəbinə əsasən ədalətin həqiqəti

  • Paylaş:
Şiə məzhəbinə əsasən ədalətin həqiqəti

İslam dinində ədalət ən mühüm əxlaqi və etiqadi prinsiplərdən biri hesab olunur. Xüsusilə İmamiyyə (Cəfəri) şiə məzhəbində ədalət dinin beş əsas prinsipindən biri, yəni üsuli-dindən sayılır. Bu prinsip Allahın bütün nöqsanlardan və zülmdən uzaq olduğunu, Onun bütün işlərində hikmət və ədalətə əsaslandığını ifadə edir.

Ədalət ərəb dilində «ədl» sözü ilə ifadə olunur və əsas mənası hər bir şeyi öz layiqli yerində qərarlaşdırmaq, hər bir haqq sahibinə haqqını verməkdir. Şiə kəlamında ədalət yalnız insanlar arasında hüquq bərabərliyi deyil, həm də varlıq aləmində nizamın, haqqın və hikmətin qorunması mənasını daşıyır.

Şiə məzhəbinə görə, Allah-taala mütləq ədalət sahibidir və heç vaxt zülm etməz. Çünki zülm ya cəhalətdən, ya ehtiyacdan, ya da acizlikdən irəli gəlir. Allah isə bütün bu nöqsanlardan pakdır. Allah Quranda buyurur: Həqiqətən, Allah zərrə qədər də zülm etməz. (Nisa, 40). 

Bu ayə Allahın mütləq ədalətini və heç bir bəndəyə haqsızlıq etmədiyini açıq şəkildə göstərir.

Ədalətin şiə məzhəbində ayrıca üsuli-din kimi qəbul edilməsinin əsas səbəblərindən biri də insanın iradə və azadlığı məsələsidir. İmamiyyə etiqadına görə, insan öz əməllərində müəyyən seçim və iradə sahibidir. Buna görə də o, etdiyi yaxşı və pis əməllərə görə məsuliyyət daşıyır. Bu baxış «Lə cəbrə və lə təfvizə, bəl əmrun bəynəl-əmreyn» prinsipi ilə ifadə olunur. Yəni insan nə tamamilə məcburdur, nə də Allahdan tamamilə müstəqildir. Allah insana iradə və seçim imkanı vermiş, onun əməllərinə görə məsuliyyət daşımasını müəyyən etmişdir.

Ədalət yalnız Allahın sifəti deyil, həm də insanın həyatında riayət etməli olduğu mühüm əxlaqi prinsipdir. İnsan özünə, ailəsinə, cəmiyyətə və digər insanlara qarşı ədalətli olmalıdır. Heç kimin haqqını tapdalamamalı, şəxsi mənafeyini başqalarının hüquqlarından üstün tutmamalıdır. Allah-taala Qurani-Kərimdə buyurur: Bir qövmə qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. (Maidə, 8). 

Bu ayə göstərir ki, hətta düşmənə qarşı münasibətdə belə ədalət prinsipi qorunmalıdır.

Deməli ədalət, həm Allahın kamillik sifətlərindən biri, həm də insanın mənəvi və ictimai həyatının əsas dayağıdır. Ədalətin həqiqəti haqqı tanımaq, onu qorumaq, hər kəsə layiq olduğu münasibəti göstərmək və zülmdən uzaq olmaqdır. Ədalətə riayət edən insan həm mənəvi kamilliyə yaxınlaşır, həm də cəmiyyətdə haqqın, bərabərliyin və sağlam münasibətlərin formalaşmasına töhfə verir.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev