Həzrət Peyğəmbər (s) buyurur: "O evdə ki, çoxlu Quran oxunular - xeyri çox olar. Əhlinə bərəkət verilər və səma əhli üçün parlayar, necə ki, səma ulduzları yer əhli üçün parlayar".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Sizlərin ən üstünü o kəsdir ki, Quranı öyrənər və onu öyrədər".
Peyğəmbərimiz (s) buyurur: "... Quran oxumaqdan qafil olma! Çünki Quran ölmüş qəlbi dirildər və çirkinlikdən uzaq saxlayar".
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Əgər səadətli həyat, şəhidlərin ölümünü, həsrət günündən nicatı, yandıran günün kölgəsini, yolunu azmaq günündə hidayəti istəyirsinizsə - Quranı əzbərləyin ki, o, mehriban Allahın sözüdür. Şeytan qarşısında qalxan və əməl tərəzisinin ağırlığıdır".
Peyğəmbərimiz (s) buyurur: "Ən doğru söz, anlamlı nəsihət və gözəl hekayələr - Allahın Kitabıdır".
Həzrət Rəsulallah (s) buyurur: "Hər kim Allah razılığını əldə etmək və dində agah olmaq üçün Quranı öyrənərsə, onun üçün bunun savabı - bütün peyğəmbərlərə, rəsullara və mələklərə verilən hər şeyin savabı kimidir".
İmam Əli (ə) buyurur: "Allah Kitabına müraciət edin. Hər kim ona əməl edərsə, (yaxşı işlərdə) hamını qabaqlayar".
Əmirəlmöminin İmam Əli (ə) buyurur: "Agah olun ki, gələcəyin elmi, keçmiş xəbərlər, dərdlərinizin dərmanı və sizin aranızda olan nəzm - Qurandadır".
Həzrət Əli (ə) başqa yerdə buyurur: "Həqiqətən, Quranın zahiri - gözəl, batini - dərindir və qəribəliklərinin sonu yoxdur. Onda gizli olan sirlər bitməz və cəhalətin zülməti ancaq onun vasitəsilə aradan qalxar".
İmam Sadiq (ə) buyurur: "Hər kim həqiqəti Quran vasitəsilə tanımazsa, fitnələrdən uzaq ola bilməz".
Peyğəmbərimiz (s) buyurur: "Ən üstün söz - Allahın Kitabı, ən üstün yol - Peyğəmbərin (s) yolu və ən pis əməl - bunlar barədə bidətdir".