Axtar

Rəvayətlərdə istiğfarın yeri

  • Paylaş:
Rəvayətlərdə istiğfarın yeri

Həzrət Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə buyurulur:

“Ən üstün ibadət bağışlanma istəməkdir. Çünki bu, Allah-Təalanın kitabında buyurduğu kəlamdır: “Bil ki, Allahdan başqa ilah yoxdur və günahın üçün bağışlanma dilə” (Məhəmməd, 19).

Başqa bir rəvayətdə isə qeyd olunur ki, “ən üstün dua istiğfar, ən üstün ibadət isə “La ilahə illəllah” zikrini deməkdir”.

İmam Əli (ə) kəlamlarında istiğfarı ən dəyərli təvəssül, ən geniş məzmunlu münacat, günahkarların ən təsirli silahı və qurtuluşa aparan şəfaətçi kimi tanıtmışdır. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 417-ci hikmətində buyurur:

“İstiğfar, Allah dərgahında ali məqam sahiblərinin məqamıdır”.

İmam Sadiq (ə) bir rəvayətdə buyurur:

“Allah bir bəndəsi üçün xeyir istədikdə və o bəndə günah etdikdə, ardınca ona cəza verir və istiğfarı ona xatırladır. Əgər bir bəndə üçün şər istəsə və o bəndə günah etdikdə, ardınca ona bir nemət verir ki, istiğfarı unutdursun və o da bu halı davam etdirsin. Bu, Allahın bu kəlamının mənasıdır: “Onları bilmədikləri yerdən tədricən (əzabımıza) yaxınlaşdıracağıq” (Əraf, 182) — yəni günah etdikləri halda onlara nemət verməklə”.