Axtar

Özünü hesaba çəkmək – insanın öz mənəvi dünyasına açılan qapısı

  • Paylaş:
Özünü hesaba çəkmək – insanın öz mənəvi dünyasına açılan qapısı

İnsan hər gün həyatında müxtəlif hesablar aparır. Misal olaraq qazancını hesablayır, vaxtını planlaşdırır, gələcəyini düşünür və səhvlərini düzəltməyə çalışır. Lakin çox vaxt ən vacib hesabı – öz əməllərinin hesabını aparmağı unudur. Halbuki insanın həqiqi uğuru yalnız dünyada nə qədər qazandığı ilə deyil, mənəvi baxımdan nə qədər kamilləşdiyi ilə ölçülür. Şiə məzhəbinin əxlaqi təlimlərində bu məsələyə «Mühasibətun-nəfs», yəni özünü hesaba çəkmək deyilir.

İmam Musa Kazım (ə) buyurur: Hər gün özünü hesaba çəkməyən şəxs bizdən deyildir.

Bu hədis insanı mühüm bir həqiqətə yönəldir. O da budur ki, insan başqalarının səhvlərini axtarmaqdan əvvəl öz daxilinə nəzər salmalıdır. Çünki başqalarının qüsurlarını görmək asandır, lakin insanın öz nöqsanlarını etiraf etməsi cəsarət və mənəvi yetkinlik tələb edir.

Özünü hesaba çəkmək sadəcə günahları xatırlamaq deyil, həm də insanın öz şəxsiyyətini tanıması, niyyətlərini yoxlaması və həyatının istiqamətini müəyyən etməsidir. Məsələn, insan düşünüb, özünə sual versin ki, bu gün kiminsə qəlbini sindirmişammı? Əgər bunu etmişəmsə, sabah onun könlünü almağa çalışmalıyam. Bir insana kömək etmək imkanım olduğu halda laqeyd qalmışamsa, növbəti dəfə daha məsuliyyətli davranmalıyam. İbadət etmişəmsə, onu yalnız bir vəzifə kimi deyil, Allahla mənəvi bağlılıq kimi dərk etməliyəm.

Şiə əxlaqında özünü tərbiyə etməyin üç mühüm mərhələsi vardır:

1. Müşaritə – Özünlə əhd bağlamaq 

İnsan hər səhər özünə söz verməlidir ki, bu gün yalan danışmayacaq, heç kimin haqqını tapdalamayacaq və Allahın razılığına uyğun davranacaq.

2. Müraqibə – Özünə nəzarət etmək

Gün ərzində insan öz danışığına, düşüncələrinə və əməllərinə diqqət etməlidir. Çünki böyük səhvlər bəzən kiçik diqqətsizliklərdən başlayır.

3. Mühasibə – özünü hesaba çəkmək

Günün sonunda insan özündən soruşmalıdır: Bu gün nə qazandım? Hansı yaxşılığı etdim? Harada səhv etdim? Sabah hansı davranışımı dəyişməliyəm?

Bu mənəvi yolun ən gözəl nümunələrindən biri İmam Əlinin (ə) həyat və təlimləridir. İmam Əli (ə) insanı öz nəfsinə qarşı diqqətli olmağa, dünyaya aldanmamağa və axirət üçün hazırlıq görməyə çağırır. «Nəhcül-bəlağə»də insanın özünü tanıması, nəfsini tərbiyə etməsi və əməllərinin nəticələrini düşünməsi ilə bağlı dərin hikmətlər vardır.

Burada maraqlı bir məqam da var. O da budur ki, insan bəzən başqalarının yanında özünü yaxşı göstərməyə çalışır, lakin tək qalanda həqiqi şəxsiyyəti ilə üz-üzə gəlir. Məhz həmin an insanın mənəvi səviyyəsi üzə çıxır. Əgər insan heç kimin görmədiyi yerdə də Allahın razılığını düşünürsə, bu, onun imanının və daxili tərbiyəsinin göstəricisidir.

Ona görə də özünü hesaba çəkmək insanın özünə qarşı sərt olması deyil, özünü islah etmək üçün vicdanlı davranmasıdır. Hər gün özümüzə bir neçə dəqiqə ayıraraq əməllərimizi qiymətləndirsək, səhvlərimizdən nəticə çıxarsaq və yaxşılıqlarımızı artırsaq, mənəvi kamilliyə doğru irəliləyə bilərik.

Unutmayaq: Başqalarının bizi necə gördüyündən daha vacibi Allahın yanında necə olduğumuzdur. Ən böyük qələbə başqalarına qalib gəlmək deyil, öz nəfsimizə qalib gəlməkdir. İnsan özünü hesaba çəkməyi bacardığı gün, əslində, özünü dəyişdirməyə başlamış olar.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev