Axtar

Günahın özündən daha pis olan 4 Şey

  • Paylaş:
Günahın özündən daha pis olan 4 Şey

Günah insanın mənəvi aləmini məhv edir və insan ilə Allah arasında yarana biləcək mənəvi əlaqəni aradan aparır. Bəzi əməllər var ki, onların insana olan mənfi təsiri günahın təsirindən daha çoxdu. Aşağıdakı hədisdə məhz bu mövzu barədə danışılır. Hədisi gətirib, qısa şəkildə açıqlayacağıq.

İmam Əli (ə) buyurur: Dörd şey var ki, hər bir günah ilə müqayisədə, həmin günahın özündən daha pisdir:

1- Günahı təkrar yerinə yetirmək

Günahı təkrar şəkildə yerinə yetirmək səbəb olar ki, insanın zehnində günah adiləşsin və o, həmin günaha davamı olaraq aludə olsun.

2- Günahı kiçik hesab etmək

Günahı kiçik hesab edən zaman, insan daha çox günah etməyə meyl edir, həmin günah üçün tövbə edə bilmir və nəticədə tövbə qapısını da öz üzünə bağlamış olur.

3- Etdiyi günaha görə fəxr etmək

Bəzi insanlar var ki, etdiyi günahı özü üçün zirənglik hesab edir. Bu hal belə davam edərsə, insan üçün həmin günah həm adiləşər, həm də tövbə qapısı insanın üzərinə bağlanar. 

4- Edilən Günaha görə zövq almaq və sevinmək

İmam Əli (ə) buyurur ki, əgər insan keçmişdəki etdiyi günahları yadına salıb, dilinə gətirib və o günahlara görə zövq alsa və sevinsə, bu həmin günahdan daha pis hal hesab edilir.

** Bu dörd əməlin Günahın özündən daha pis olmasının səbəbi budur ki, insan bununla həm Allahın qəzəbini qazanar və həm də tövbə etmək şansını əldən verər.

Bir çox peyğəmbər (ə) və ilahi şəxsiyyətlərin tarixini mütaliə edən zaman, görərik ki, onlar hər hansı bir xəta etdikləri zaman dərhal bunu başa düşüb, yanlış etdiklərini həm dilləri ilə, həm də əməlləri ilə qəbul ediblər. Misal üçün Yunus peyğəmbər (ə) Allahın icazə və əmri olmadan qövmündən uzaqlaşıb, həmin kənddən çıxdı və onlar üçün Allahdan qəzəbin nazil olmasını istədi. Yunus (ə) öz qövmündən uzaqlaşıb dənizə tərəf üz tutdu və daha sonra gəmiyə mindi. Dənizin ortasında Allahın iradə və əmri ilə Yunusu (ə) nəhəng bir balıq uddu. Balığın qarnında öz səhvini başa düşən Yunus (ə) dərhal Allahdan bağışlanmasını istədi. 

Ona görə də səhv və günah edən zaman, dərhal edilən səhvi başa düşüb, onu qəbul etmək lazımdır. Bu hadisə yalnız Yunus (ə) peyğəmbərə aid deyil. Yəni Allah Quranda bu hadisəni danışmaqla, bizə başa salmaq istəyir ki, yanlış edən zaman ona haq qazandırmamalı və edilən səhvə görə peşman olmalıyıq. Allah-taala Yunusun (ə) hekayəsini danışdığı ayənin sonunda buyurur: “ Biz də onun (Yunusun) duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik. (Ənbiya, 88). 

Ayənin son cümləsindən də gördüyümüz kimi, Yunusun (ə) hekayəsi bütün insanlar üçün nümunədir. 

Ona görə də insan günah edən zaman dərhal etdiyi günaha görə Peşman olmalı, Yanlış etdiyini qəbul etməli və Günahını başqasının boynuna atmamalıdır.

Tarixdəki nümunəvi şəxslərdən biri də, Əli ibni Məhziyar adlı şəxsdi. O, Suğra Qeybəti dövründə yaşayıb. Əli ibni Məhziyar  20 il İmam Zamanı (ə.f) görmək ümidi ilə Məkkəyə gedib, ama bu iyirmi il ərzində imamın (ə.f) görüşünə nail ola bilməyib. Uzun illərdən sonra ümidini kəsib, qəlbi sınıb və problemin kökünü özündə görərək “ Deməli mən imamın görüşünə layiq deyiləm” düşüncəsinə yetişib. 

Bir qədər düşündükdən sonra, zehninə bir ilham gəlib ki, bu dəfə də həccə gedim, görək nə olacaq. Həccə yetişib, bir güşədə oturan halda, bir xoş üzlü gənc oğlan ona yaxınlaşaq, deyib ki, gəl gedək imamın (ə.f) görüşünə.

Həmin gənc oğlan Əli ibni Məhziyarı İmamın (ə.f) hüzuruna gətirir. İmam Zaman (ə.f) Əli inbi Məhziyara üz tutaraq, buyurur: Niyə gec gəldin? Əli ibni Məhziyar dedi: Heç kim yox idi ki, məni sizin yanınıza gətirsin. Bu vaxt İmam (ə.f) başını aşağı saldı və dedi: Xeyr, belə deyil. Bunlar bəhanədir. Lazım olsa (Yəni siz kamil insan olsanız) Bizim özümüz gələrik. Sizin probleminiz başqa şeydi. Siz dünya malına məhəbbət bağladınız, Allahın zəif bəndələrinə zülm etdiniz və Bir biriniz ilə əlaqələrinizi kəsdiniz və səmimiyyətinizi aradan apardınız.

Diqqət etsək, görərik ki, Əli ibni Məhziyar 20 il imamın (ə.f) görüşünə nail ola bilmədi, ama 20 sonra sınıq qəlblə və özünü günahkar hesab etdiyi anda onunla görüşə bilir. Deməli 20 il ərzində görüşə bilməməyin səbəbi, günahı özündə görməmək və sınıqlığın olmaması idi.

Bu baxımdan da bilməliyik ki, günahlar barədə günahın özündən də pis olan dörd düşüncə və davranış, həm zamanımızın imamını (ə.f) görə bilməməyimizə, həm də Allah ilə yarana biləcək mənəvi bağın kəsilməsinə səbəb olan ən pis davranışlardır.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev