Axtar

Niyə bəzi insanlar Allaha inanmır?

  • Paylaş:
Niyə bəzi insanlar Allaha inanmır?

İnsan fitrətən Allahı tanımağa və Ona yönəlməyə meylli yaradılmışdır. Qurani-Kərim insanın daxilində haqqı axtarmaq və Yaradanını tanımaq istəyinin mövcud olduğunu bildirir. Buna baxmayaraq, tarix boyu bəzi insanlar Allahın varlığını qəbul etməmiş və ya ona inanmaqdan uzaqlaşmışlar. Bunun müxtəlif səbəbləri vardır.
Əvvəla , cəhalət və düzgün maarifin olmaması insanın imansızlığa düşməsinin əsas səbəblərindən biridir. 
İnsan Allahı, dini və yaradılışın məqsədini düzgün tanımadıqda şübhələrə qapıla bilər. Allah-taala buyurur: Onların çoxu bilmədikləri bir şeyi inkar etdilər. (Yunus, 39). 
Buna görə də İslam elm öyrənməyi və həqiqəti araşdırmağı tövsiyə edir.
İkinci səbəb isə nəfsani istəklər və günahlardır. 
Bəzən insan Allahın varlığını qəbul etməyin ona müəyyən məsuliyyətlər yüklədiyini görür və öz istəklərini sərbəst şəkildə həyata keçirmək üçün dini həqiqətlərdən uzaqlaşır. Allah quranda buyurur: O kəsi gördünmü ki, öz nəfsinin istəyini özünə məbud etmişdir? (Casiyə, 23). 
Şiə alimləri bildirirlər ki, davamlı günah insanın qəlbini qaralda və haqqı qəbul etməsinə mane ola bilər.
Üçüncü səbəb təkəbbürdür.
Tarixdə bir çox insanlar həqiqəti bildikləri halda qürur və təkəbbür səbəbindən onu qəbul etməmişlər. Şeytanın Hz. Adəmə (ə) səcdə etməməsinin əsas səbəbi də təkəbbür idi. İmam Əli (ə) buyurur: Təkəbbür insanı haqqı qəbul etməkdən məhrum edir.
Dördüncü səbəb ətraf mühit və yanlış təsirlərdir. 
İnsan yaşadığı cəmiyyətin, ailənin və dost çevrəsinin təsirindən çox şey öyrənir. Əgər bir insan dini dəyərlərdən uzaq bir mühitdə böyüyərsə, Allah inancı onda zəif formalaşa bilər. Buna görə İslam saleh insanlarla ünsiyyəti və sağlam mühitdə yaşamağı tövsiyə edir.
Bəzi hallarda isə insanların qarşılaşdıqları çətinliklər, müsibətlər və ya din adı altında edilən səhv davranışlar onları Allah haqqında yanlış nəticələrə gətirə bilər. Lakin insanların səhvləri dinin özünü deyil, həmin insanların davranışlarını göstərir.
Allahın varlığını inkar etməyin əsas səbəbləri cəhalət, nəfsani istəklər, təkəbbür, yanlış mühit və bəzi psixoloji amillərdir. Bununla belə, İslam hər bir insanı düşünməyə, araşdırmağa və həqiqəti axtarmağa dəvət edir. Qurani-Kərim dəfələrlə insanları kainatın yaradılışı haqqında təfəkkür etməyə çağırır. Bu baxımdan, iman kor-koranə qəbul deyil, düşüncə, dəlil və mənəvi idrak əsasında formalaşan bir həqiqətdir.

 

Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev