Axtar

Nəcəf şəhərində Badkubeyilər mədrəsəsinin açılış mərasimi keçirilib

  • Paylaş:
Nəcəf şəhərində Badkubeyilər mədrəsəsinin açılış mərasimi keçirilib

Tarixi mənbələrdən məlumdur ki, azərbaycanlı din alimləri və tələbələr Nəcəf şəhərinin elmi-dini həyatında həmişə mühüm rol oynamışlar. Bu müqəddəs şəhərdə XX əsrdə İrəvanilər və Badkubeyilər mədrəsəsi, Türk məscidi, Kərbəlada Badkubeyi mədrəsəsi mövcud olmuş, həmin mədrəsələrdə onlarla azərbaycanlı tələbə təhsil almışdır.

Nəcəfdəki Badkubeyilər mədrəsəsinin tarixçəsi barədə yazırlar: Hacı Əli Nəqi Badkubeyi adlı imkanlı bir həmvətənimiz 1907-ci ildə Nəcəfi-əşrəfi ziyarət edib burada bir il qalır. Bu müddət ərzində o, Nəcəfin Mişraq məhəlləsində, Həzrət Əlinin (ə) müqəddəs hərəminin yaxınlığında, İmam Zeynül-abidin (ə) küçəsində öz vəsaiti hesabına bir mədrəsə və onun qərb tərəfində bir məscid tikdirir. Birmərtəbəli mədrəsənin 28 hücrəsi vardı. Onun şərqində, təqribən 100 kv.m.-lik həyətdə ikimərtəbəli daha bir tikili inşa edilmişdi ki, bu binada da 8 hücrə vardı. İki binanı enli küçə birləşdirirdi. Təəssüf ki, 1963/64-cü illərdə yolun genişləndirilməsi bəhanəsi ilə mədrəsənin bir hissəsi uçuruldu. Cəmi 16 hücrəsi salamat qalmış mədrəsədə son onilliklərə kimi tələbələr məskunlaşmışdı. Daha sonralar mədrəsə baxımsız hala düşdü.

Son illərdə həmin ərazidə müsəlmanların böyük mərceyi-təqlidi Ayətullahül-üzma Seyyid Əli Sistaninin ofisinin təşəbbüsü ilə yeni və böyük mədrəsə binasının tikinti işləri gedirdi. Bu günlərdə mədrəsənin açılış mərasimi baş tutmuşdur. Mərasimdə mərceyi-təqlidlər Seyyid Əli Sistaninin, Şeyx Fəyyazın və mərhum Seyyid Həkimin övladları, Seyyid Xoyi və Ali-Yasin ailəsinin nümayəndələri, Nəcəf  hovzəsinin böyük alimlərindən Ayətullah Şeyx Hadi Ali Razi, Şeyx Həsən Cəvahiri, Seyid Sadiq Xırsan, Seyid Əli Əkbər Hairi, Seyid Əhməd İşkəvəri, Seyid Rəşid Hüseyni, Həzrət Əbülfəzl Abbas (ə) hərəminin mütəvəllisi Seyid Əhməd Safi, İmam Əli (ə) hərəminin idarə heyətinin sədri Seyid İsa Xırsan, uzun illər Azərbaycanda dini təhsillə bağlı fəaliyyət göstərmiş Şeyx Kazim Muhəmmədi və b. iştirak etmişlər.

Bina üç mərtəbədən ibarətdir və ümumilikdə əlli yeddi hücrəni (otağı) əhatə edir. Bundan əlavə, mədrəsə geniş dərs salonu, böyük toplantı zalı, bütün xidmətlərlə – mətbəx, yeməkxana, sanitar qovşaqlar, liftlər, kondisionerlər və digər avadanlıqlarla təmin edilmişdir. Mədrəsənin idarəçiliyi Nəcəfdə təhsil alan azərbaycanlı tələbə Fəqan Məmmədova həvalə edilmişdir.

Nəcəfdə təhsil alan azərbaycanlı tələbələrdən ötrü vəqf edildiyi üçün xüsusi əhəmiyyət daşıyan bu mədrəsənin gələcəkdə də səmərəli və məhsuldar fəaliyyət göstərəcəyinə ümid edirik. Badkubeyi mədrəsəsinin yenidən istifadəyə verilməsi burada təhsil alacaq həmvətənlərimizin Nəcəf hovzəsinin elmi-dini həyatında daha yaxından iştirak etmək və bu mühitə öz töhfələrini vermək imkanlarını artıracaqdır.