Axtar

Misirdə Peyğəmbərin (s) mövludunun möhtəşəm şəkildə qeyd olunmasının vacibliyi vurğulanıb

  • Paylaş:
Misirdə Peyğəmbərin (s) mövludunun möhtəşəm şəkildə qeyd olunmasının vacibliyi vurğulanıb

Misirin Darül-İftası Facebook-dakı paylaşımında Peyğəmbərin (s) mövludunun qeyd edilməsinin Həzrət Məhəmmədin (s) təkid olunmuş sünnəsi olduğunu vurğulayıb. Darül-İfta izah edib ki, bu bayram həmin gün sevinc ifadə etmək, Peyğəmbərin (s) zikri, mədh və tərifi üçün toplaşmaq, insanlara yemək vermək, oruc tutmaq və gecə namazı qılmaq deməkdir. Bütün bunlar Peyğəmbərə (s) məhəbbətin ifadəsi olaraq həyata keçirilir və bunların hamısı caizdir. Bu, Allah-Təalanın belə buyurmasının ümumi mənasına əsaslanır: “De: Allahın lütfü və mərhəməti ilə, qoy onlar sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir” (Yunus, 58).

Bundan əlavə, Peyğəmbərin (s) mövludunu qeyd etmək sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədə (s) ehtiramın, bayram sevincinin və məhəbbətin böyük təzahürüdür. Onun doğum ildönümünü qeyd etmək və bu münasibətlə sevinmək, şübhəsiz ki, şəriət baxımından caizdir. Çünki Peyğəmbərə (s) məhəbbət imanın əsaslarından biridir. Uca Allah buyurur: “De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir” (Ali-İmran, 31).

Misirin Darül-İftası bildirib ki, Peyğəmbərin (s) mövludu mərasimlərinin dini istiqamətlərinə Qurani-Kərimin tilavəti, Peyğəmbərin (s) həyat və sirəsinin öyrənilməsi, dua məclislərinin keçirilməsi, mədh və mənqibələrin oxunması daxildir və bunların hamısı İslam şəriətinə əsasən caiz və müstəhəbdir.

Darül-İfta bəyan edib ki, Peyğəmbərin (s) mövludunu yad etməyin ən gözəl yollarından biri ona salavat və salam göndərməkdir. Bu, bağlı qapıları açır, insanın məqamını yüksəldir, rahatlıq və çətinlik anlarında qəlbə aramlıq gətirir. Əslində, salavat hər bir kədər və qüssəni yüngülləşdirir, düyünləri açır, arzuları həyata keçirir və ehtiyacları qarşılayır.

Bundan əlavə, Misirin Darül-İftası vurğulayıb ki, Qurani-Kərimin təfsirində ChatGPT kimi GPT əsaslı çat-botlardan və digər süni intellekt proqramlarından tam şəkildə asılı olmaq İslam şəriətinə görə haramdır. Allahın kitabını zənn və ehtimallardan qorumaq, onun təfsirinin elmsiz şəkildə yayılmasının qarşısını almaq üçün belə yanaşmadan çəkinmək və etibarlı mənbələrə — tanınmış müfəssirlərə və fəqihlərə müraciət etmək lazımdır.

“Qurani-Kərimin təfsirində ChatGPT kimi süni intellekt proqramlarına güvənməyin hökmü nədir?” sualına cavab olaraq Darül-İfta Qurani-Kərimin təfsiri və mənalarının anlaşılması üçün mötəbər təfsir kitablarına müraciət etməyin və ya mövcud vasitələrdən istifadə etməklə etibarlı mütəxəssislərdən və aidiyyəti dini qurumlardan izah almağın vacibliyini vurğulayıb. Bu, Allahın kitabını qorumaq və onun mənasının elmə, dürüstlüyə və ixtisasa əsaslanan düzgün şəkildə başa düşülməsini təmin etmək məqsədi daşıyır.

Darül-İfta vurğulayıb ki, süni intellekt proqramları bəzi ümumi məlumatlara çıxış baxımından faydalı ola bilsələr də, Qurani-Kərimin ayələrinin təfsirində və ya onlardan şəri hökmlərin çıxarılmasında əsas və ya yeganə mənbə kimi istifadə olunmaları münasib deyil.