Axtar

Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir

  • Paylaş:
Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir

Həzrət Məhəmməd (s) Peyğəmbərimiz buyurur:

“Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını bütünlüklə alar.”[1]

“Kim İlahi savab qazanmaq üçün bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.”[2]

“Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq savabı yazılar.“[3]

Həzrət İmam Sadiq (ə) buyurur: “İnsan İlahi mükafatı qazanmaq üçün bir gün könüllü oruc tutar və Allah-taala buna görə onu cənnətə aparar.”[4]



Oruc tutmağın ədəbi

Həzrət Məhəmməd (s) buyurur: “Allah-taala buyurur: «Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.”[5]

Həzrət İmam Əli (ə) buyurur: “Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan da uzaqlaşmasıdır.”[6]

Həzrət xanım Fatimeyi Zəhra (s.ə) buyurur: “Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?”[7]

Məhəmməd ibn Muslim nəql edir. Həzrət İmam Sadiq (ə) buyurdu: “Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.”[8]



[1] Məani-Əxbar, səh. 409, hədis 91.

[2] Əmali-Səduq, səh. 443, hədis 2.

[3] Dəaimul-İslam, c.1, səh. 283.

[4] əl-Kafi, c.4, səh.63, hədis 5.

[5] əl-Firdovs, c.5, səh.242, hədis 8075.

[6] Biharul-Ənvar, c.96, səh. 294, hədis21.

[7] Dəaimul-İslam, c.1, səh. 268.

[8] əl-Kafi, c.4, səh. 87, hədis 1

.