İnsan bəzən etdiyi günahın nəticəsini yalnız axirətdə görəcəyini düşünür. Halbuki Əhli-beyt (ə) məktəbinin əxlaq təlimlərində bəzi günahların təsirinin elə bu dünyada ortaya çıxdığı xüsusi vurğulanır. İmam Əlinin (ə) kəlamlarında da insanı ciddi şəkildə düşündürən belə xəbərdarlıqlar vardır.
İmam Əlidən (ə) nəql olunan məşhur kəlamlardan birində üç günaha diqqət çəkilir: Valideynə qarşı itaətsizlik, İnsanlara zülm etmək və Nemətlərə nankorluq etmək. Bu üç günahın ortaq xüsusiyyəti odur ki, insanın həyatda qurduğu münasibətləri, mənəvi tarazlığını və sahib olduğu nemətləri təhlükə altına salır.
1. Valideynə qarşı itaətsizlik
İslamda valideynə hörmət sadəcə ailə ənənəsi deyil, dini vəzifələrdən biridir. Qurani-Kərimdə Allaha ibadətdən sonra valideynə yaxşılıq xüsusi şəkildə qeyd olunur.
Valideynə qarşı hörmətsizlik, onları incitmək, ehtiyac duyduqları vaxtda bilərəkdən tərk etmək və onların haqqını tapdalamaq böyük günahlardan hesab edilir.
Valideynə itaət mütləq və şərtsiz deyil. Əgər valideyn insanı Allahın əmrinə zidd bir işə çağırarsa, həmin işdə onlara itaət etmək olmaz. Lakin hətta belə halda belə, onlarla kobud davranmaq və hörmətsizlik etmək düzgün deyil.
Deməli, Əhli-beyt (ə) məktəbinin baxışında insan həm haqqı qorumalı, həm də valideynlərlə ədəb və mərhəmət çərçivəsində davranmalıdır.
2. Zülm — başqasının haqqını tapdalamaq
İkinci günah zülmdür. Zülm yalnız böyük siyasi və ictimai haqsızlıqlardan ibarət deyil. Bir insanın haqqını gecikdirmək, borcunu qaytarmamaq, kiminsə adına böhtan atmaq, işçiyə haqqını verməmək, ailə üzvünü əzmək, kiminsə etibarından sui-istifadə etmək də zülmün müxtəlif formaları ola bilər.
İmam Əlinin (ə) həyatına baxdıqda ədalətin onun düşüncəsinin mərkəzində dayandığını görürük. Onun məktəbində insanın dindarlığı yalnız ibadətlə ölçülmür; insanın başqalarının haqqına münasibəti də onun iman və əxlaqının göstəricisidir.
Çünki Allahın haqqı ilə bağlı tövbə etmək bir məsələdir, insanların haqqı isə başqa məsələ. Bir şəxsin haqqını tapdalamısansa, həmin haqqın bərpası və halallıq almaq da məsuliyyətin bir hissəsidir.
3. Nemətə nankorluq
Üçüncü məsələ nemətə nankorluq etməkdir.
İnsan çox vaxt sahib olduğu nemətlərin fərqinə yalnız onları itirdikdən sonra varır. Sağlamlıq, ailə, övlad, ruzi, təhlükəsizlik, iman, elm və hətta gündəlik nəfəs almaq belə böyük nemətlərdir.
İslam dinində şükür yalnız “Əlhəmdulillah” deməkdən ibarət deyil. Əsl şükür neməti verənin Allah olduğunu dərk etmək və həmin nemətdən düzgün istifadə etməkdir.
Məsələn, Allah insana sərvət veribsə, o sərvəti yalnız şəxsi mənfəəti üçün deyil, halal və xeyirli yollarda istifadə etməlidir. Elm veribsə, onu insanlara zərər vermək üçün deyil, fayda yaratmaq üçün işlətməlidir.
Nankorluq isə nemətin dəyərini bilməmək, onu yanlış istiqamətdə istifadə etmək və nemət sahibini unutmaqdır.
Nə üçün bu günahların cəzası dünyada görünə bilər?
Bu kəlamın ən düşündürücü tərəfi məhz budur.
Əhli-beyt (ə) məktəbinin əxlaq baxımından verdiyi mesaj belə başa düşülə bilər: Bəzi günahlar insanın həyatında öz təbii və mənəvi nəticələrini çox tez göstərir.
Valideynini incidən insan ailə bağlarının zəifləməsi ilə qarşılaşa bilər.
Zülm edən insan etimadı, hörməti və ictimai dayaqları itirə bilər.
Nemətə nankor olan insan isə sahib olduğu nemətin qədrini bilmədiyi üçün onun itirilməsinə və ya bərəkətinin azalmasına səbəb ola bilər.
Bu, hər bir çətinliyin mütləq müəyyən bir günahın cəzası olması demək deyil. İslam baxımından xəstəlik, yoxsulluq və başqa müsibətləri avtomatik olaraq “Cəza” adlandırmaq doğru deyil. Bəzən çətinlik insan üçün imtahan, tərbiyə və ya mənəvi yüksəliş vasitəsi də ola bilər.
Ona görə bu kəlam bizi başqalarını mühakimə etməyə yox, ilk növbədə özümüzü hesaba çəkməyə çağırır.
İmam Əlinin (ə) bu xəbərdarlığı yalnız “günah etməyin” mesajı deyil. Daha dərin bir məna daşıyır. Oda budur ki, insanın davranışları onun həyatına təsirsiz ötüşmür.
Valideynə münasibətimiz ailəmizə, insanlara münasibətimiz cəmiyyətə, nemətlərə münasibətimiz isə həyatımızın bərəkətinə təsir edir.
Əhli-beyt (ə) məktəbinin əsas çağırışlarından biri budur ki, insan Allahla münasibətini düzəltməklə yanaşı, insanların haqqına da riayət etməlidir. Çünki həqiqi təqva yalnız səcdədə deyil, evdə valideynlə davranışda, küçədə insanlara münasibətdə, işdə əmanətə sadiqlikdə və sahib olduğumuz nemətlərə şükürdə görünür.
Qardabani Şəhərinin İmam Cüməsi, İlahiyyatçı Hacı Elçin Əliyev
