Dinşünasların nəzərinə görə din - insanın dünya və axirət səadətini təmin etməsi üçün zəruridir. Bu sahədə dinin faydaları barəsindəki nəzərlərə diqqət edək.
1. Ağlı inkişaf etdirər
Ağıl, insanın dünya və axirət səadətini təmin etmək üçün kifayət etməz. Əslində ağılın bu yolda dinə ehtiyacı vardır. Çünki ağıl bəzi həqiqətləri dərk etməkdə acizdir. Haqq ilə batili ayıran zaman şəkkə düşər. İmam Əli (ə) buyurur:"Allah rəsullarını göndərmişdir ki... ağıl xəzinələrini aşkar etsinlər".
2. Qanun tərtib etmək
Filosofların nəzərinə görə, insan ictimai varlıq olduğu üçün, mütləq qanun və qaydalara ehtiyacı vardır. Çünki, qanun olmadan cəmiyyətdə əmin-amanlığı təmin etmək mümkünsüzdür. Ağıl və elm insanın həqiqi ehtiyaclarını ödəyə bilən kamil qanunlar verməyə qadir deyildir. Ağıl və elmin başında din olmalıdır ki, insana xeyirli və zərərli olan qanunları göstərə bilsin. İmam Sadiq (ə) buyurur: "Allahın bəndələri arasında səfirləri vardır ki, Onun göstərişlərini onlara çatdırsınlar. Onların fayda və mənafeyi olan şeylər oradadır".
3. Əxlaq və tərbiyə
İnsanın əxlaq və tərbiyə sahəsində də dinə ehtiyacı vardır. Çünki ağıl tək halda insanı əxlaqi cəhətdən inkişaf etdirməyə acizdir. Bu səbəbdən bu gün cəmiyyətdə insanlar daha çox dünya ləzzətlərinə və sərvətə can atırlar. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, mən əxlaqı kamil etmək üçün məbus olmuşam".
Bu hədis o həqiqəti təsdiq edir ki, ağıl tək halda insana əxlaqi fəzilətləri öyrədə bilməz və insanı islah edə bilməz.
4. Hüzurlu həyata hidayət etmək
İnsanın iki tərəfi vardır: maddi və mənəvi. Hər iki tərəfin hidayətə və yol göstərənə ehtiyacı vardır. Ağıl və elm insanın maddi tərəfini inkişaf etdirə bilər. Ancaq mənəvi tərəfin inkişaf etməsi üçün dinin olması zəruridir. "De: "Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr, deyin: "Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq"". ("Ali-İmran" 64).
Din insan həyatına hüzur gətirər və onu yersiz təşviş və nigarançılıqlardan xilas edər.
5. Həyata məna vermək
Dinin faydalarından biri də budur ki, insanın həyatına məna verər. Din insanın "haradan gəlmişəm?", "haradayam?" və "hara gedəcəyəm?" suallarını cavablandırır. Ağıl bu kimi sualları düzgün və kamil cavablandırmağa acizdir. Din insana axirəti və məadı tanıdır. Allahı və onun sifətlərini tanıdır. Qiyaməti, cənnət və cəhənnəmi tanıdır.
Ona görə də din insana yaşamaq üçün məna verir.
6. Ədaləti bərqərar etmək
Tarix, insanlara edilən çoxlu zülmlərin və qətllərin şahididir. İnsan hər nə qədər ağıl və elmə malik olsa da, həyatında ədaləti bərqərar etməyə qadir deyildir. Din ilk dəfə olaraq ədalət kəlməsini bəyan edərək, insanları zülmdən uzaq olmağa dəvət etmişdir. Tarix boyu İlahi peyğəmbərlər (ə) həmişə zalımlarla mübarizə aparmış və insanlara ədaləti tanıtmışdılar.
Din insanları sülhə dəvət etmişdir. "Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə)göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi)kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik". ("Hədid" 25).