Axtar

Bidətlərlə mübarizə

  • Paylaş:
Bidətlərlə mübarizə

İslam dini insanları haqq yola dəvət edən, onların mənəvi kamilliyə çatmasını qarşısına məqsəd qoyan ilahi bir dindir. Bu dinin əsasını Qurani-Kərim, Peyğəmbərin (s) sünnəsi və Əhli-beytin (ə) təlimləri təşkil edir. İslamın saflığının qorunması üçün mühüm məsələlərdən biri də bidətlərlə mübarizədir.

Bidət dini anlayışda Allahın dininə aid olmayan bir şeyi dinin hökmü, ibadəti və ya dini göstərişi kimi təqdim etmək deməkdir. Yəni insanın öz düşüncəsinə əsaslanaraq dinə yeni hökm əlavə etməsi və bunu Allahın buyruğu kimi göstərməsi bidət hesab olunur. Allah-Taala Quranda buyurur: Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. (Maidə, 3). 

Bu ayə dinin ilahi əsaslarının tamamlandığını və insanların dini öz istəklərinə uyğun dəyişdirməməli olduğunu göstərir.

Şiə məzhəbində bidətlə mübarizənin əsas mənbələri Qurani-Kərim, Peyğəmbərin (s) sünnəsi və Əhli-beytin (ə) hədis və göstərişləridir. İmam Əli (ə) öz kəlamlarında bidətin yayılmasının dinə və cəmiyyətə zərər vurduğunu vurğulamışdır. Onun nəzərinə görə, haqqın qorunması üçün insanlar dini məsələlərdə şəxsi istəklərinə deyil, ilahi göstərişlərə əsaslanmalıdırlar.

İmamların (ə) həyatına nəzər saldıqda, görürük ki, onlar dinin həqiqi mahiyyətini qorumaq üçün daim çalışmış, yanlış dini təsəvvürlərə və xurafatlara qarşı mübarizə aparmışlar. İmam Cəfər Sadiq (ə) elmi müzakirələr və maarifləndirmə yolu ilə insanların düzgün dini bilik əldə etməsinə xüsusi əhəmiyyət vermişdir. Bu baxımdan, bidətlə mübarizənin ən mühüm yollarından biri dini elmləri düzgün öyrənmək, Qurana və mötəbər hədislərə müraciət etməkdir.

Bidətlərlə mübarizə yalnız yanlış əməlləri tənqid etməkdən ibarət deyil. Bu mübarizə, ilk növbədə, cəmiyyətin dini maarifləndirilməsini, insanların düzgün dini düşüncəyə yiyələnməsini və xurafatdan uzaqlaşmasını tələb edir. Eyni zamanda, hər yeni əməli bidət hesab etmək də düzgün yanaşma deyil. Çünki dinin əsaslarına zidd olmayan, insanların həyatını asanlaşdıran yeni vasitələr və adətlər öz-özlüyündə bidət sayılmır. Burada əsas meyar həmin əməlin dinə aid hökm kimi təqdim edilib-edilməməsidir.

Ona görə də şiə məzhəbi baxımından bidətlərlə mübarizə İslamın həqiqi mahiyyətini qorumaq, Qurani-Kərimin və Əhli-beytin (ə) təlimlərinə sadiq qalmaq deməkdir. Bu mübarizə elmlə, hikmətlə, gözəl əxlaqla və düzgün maarifləndirmə ilə aparılmalıdır. Hər bir müsəlmanın vəzifəsi dini xurafatlardan qorumaq, haqqı öyrənmək və onu cəmiyyətə düzgün şəkildə çatdırmaqdır. Beləliklə, İslamın saf təlimləri gələcək nəsillərə doğru şəkildə ötürülə bilər.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev