Axtar

“Allahın rəhməti” deyəndə nə nəzərdə tutulur?

  • Paylaş:
“Allahın rəhməti” deyəndə nə nəzərdə tutulur?

İslam dininin əsas prinsiplərindən biri Allahın rəhmətidir. Qurani-Kərimdə və Əhli-beyt (ə) hədislərində Allahın rəhməti geniş şəkildə izah olunur. Allahın rəhməti dedikdə, Onun bütün varlıqlara qarşı mərhəməti, lütfü, bağışlaması, nemət verməsi, doğru yola hidayət etməsi və bəndələrinə xeyir diləməsi nəzərdə tutulur. Allahın rəhməti yalnız günahların bağışlanması ilə məhdudlaşmır, əksinə, yaradılışın başlanğıcından insanın mənəvi kamilliyinə qədər bütün mərhələləri əhatə edir.

Qurani-Kərimdə Allah-taala buyurur: «Rəhmətim hər şeyi əhatə etmişdir» (Əraf, 156). 

Bu ayə Allahın rəhmətinin genişliyini və ümumiliyini göstərir. Başqa bir ayədə isə belə buyurulur: «De: Ey özlərinə qarşı həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqətən, Allah bütün günahları bağışlayar» (Zumər, 53). 

Bu ayə isə insanı tövbəyə, ümidə və Allahın mərhəmətinə sığınmağa çağırır.

Allahın rəhməti iki əsas istiqamətdə təzahür edir: ümumi (rəhməti-ammə) və xüsusi (rəhməti-xassə) rəhmət. Ümumi rəhmət Allahın bütün məxluqatı əhatə edən mərhəmətidir. İnsan, heyvan, bitki və digər varlıqların mövcudluğu, ruzisi və həyat üçün zəruri nemətlərlə təmin olunması bu rəhmətin nümunələridir. Xüsusi rəhmət isə iman gətirən, Allaha itaət edən, tövbə edib mənəvi kamilliyə doğru addımlayan bəndələrə verilən xüsusi ilahi lütf və hidayətdir.

Əhli-beyt (ə) məktəbində Allahın rəhməti insanın əməllərindən və mənəvi məsuliyyətindən ayrı təsəvvür edilmir. İmam Əli (ə) «Nəhcül-bəlağə»də Allahın mərhəmətini və bağışlamasını insanın ümid mənbəyi kimi təqdim edir. İmam Sadiqin (ə) məktəbində də tövbə, dua, yaxşı əməl və insanlara mərhəmətlə yanaşmaq ilahi rəhmətə yaxınlaşmağın mühüm vasitələri kimi vurğulanır.

Allahın rəhmətinin mühüm təzahürlərindən biri də tövbə qapısının açıq olmasıdır. İnsan nə qədər günah etmiş olsa da, səmimi şəkildə peşman olub, günahından dönərsə, Allahın bağışlamasına ümid edə bilər. Lakin bu, insanın günah etməyə arxayın olması demək deyil. Həqiqi tövbə günahı tərk etmək, peşman olmaq və bir daha həmin günaha qayıtmamağa qərar verməkdir. Əgər günah başqasının haqqı ilə bağlıdırsa, həmin haqqı da qaytarmaq və ya sahibindən halallıq almaq lazımdır.

Şiə etiqadında Allahın rəhməti Onun ədaləti ilə ziddiyyət təşkil etmir. Allah həm Rəhman və Rəhimdir, həm də Adil və Hikmət sahibidir. Buna görə də ilahi rəhmət insanın məsuliyyətini aradan qaldırmır. Əksinə, insana doğru yola qayıtmaq, səhvlərini düzəltmək və mənəvi cəhətdən yüksəlmək imkanı verir. Allahın rəhmətinə ümid etmək, eyni zamanda Onun əzabından qorxmaq möminin mənəvi həyatında tarazlıq yaradır.

Ona görə də, Qurani-Kərim və Əhli-beyt (ə) təlimlərinə əsasən, Allahın rəhməti Onun bəndələrinə bəxş etdiyi sonsuz lütf, mərhəmət, bağışlanma, ruzi və hidayətdir. Bu rəhmət insana ümidsizliyə qapılmamağı, başqalarına qarşı mərhəmətli olmağı və daim Allaha yaxınlaşmağa çalışmağı öyrədir. Deməli, Allahın rəhmətini dərk edən insan yalnız özünün bağışlanmasını istəməz, həm də Allahın yaratdıqlarına qarşı mehriban, ədalətli və mərhəmətli davranmağa çalışar. Çünki ilahi rəhmətdən bəhrələnməyin ən gözəl əlamətlərindən biri, həmin mərhəməti insanlara qarşı da göstərməkdir.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev