Şiələrin ikinci imamı, Həzrət Mühəmməd Peyğəmbərin (s) ilk nəvəsi Həzrət Həsənin (ə) atası – dördüncü raşidi xəlifəsi Imam Əli ibn Əbu Talib (ə), anası – İslam Peyğəmbərinin qızı Fatimeyi-Zəhradır (ə). Hicri 2-ci və ya 3-cü il ramazan ayının 15-də (miladi 624-cü və ya 625-ci il) Mədinədə doğulmuşdur. Məşhur ləqəbləri Müctəba (seçilmiş) və Sibtdir (qız nəvəsi; Peyğəmbərin qız nəvəsi olduğuna görə, bu ləqəbi daşıyır). Zahiri görünüşcə Həzrət Mühəmməd Peyğəmbərə (s) çox oxşadığı rəvayət edilir. İmam Həsən (ə) anadan olduğu gündən Həzrət Mühəmməd Peyğəmbərin (s) hədsiz sevgisi ilə əhatə olunmuş və onun tərbiyəsi altında böyümüşdü. Peyğəmbər onu və kiçik qardaşı Hüseyni (ə) «cənnət reyhanələri», «cənnət gənclərinin ağaları» adlandırır, istər qiyam etdikləri, istərsə də sakit durduqları halda imam olduqlarını bildirirdi. Həzrət Həsən (ə) 9 yaşına çatmadan əvvəlcə babasını (Peyğəmbəri), daha sonra isə anasını (Həzrət Fatiməni (ə)) itirdi. O, İmam Əlinin (ə) əxlaq və əqidə məktəbində yetişdi. Həsən (ə) atasının siyasi və ideoloji mübarizələrində həmişə onu dəstəkləyirdi. Həzrət Əlinin (ə) xilafət illərində baş vermiş gərgin hadisələr zamanı da Həzrət Həsən (ə) atası ilə çiyin-çiyinə duraraq haqsızlıqlara qarşı mübarizə aparmışdır. Həzrət Əlinin (ə) şəhadətindən sonra imamət məsuliyyəti Həzrət Həsənin (ə) öhdəsinə düşdü. O, hicri 40-cı ildən 50-ci ilə kimi (miladi 661-670-ci illər) imamlıq etmişdir. İmamlıq müddətinin əvvəlində Həzrət Həsən (ə) atasının yolunu davam etdirərək, Müaviyəyə qarşı siyasi və hərbi mübarizəyə başladı, lakin vaxtilə İmam Əlinin (ə) başına gətirilən fitnələrlə rastlaşdı. İmam Həsəni (ə) dəstəkləyən qüvvələr həlledici anda ona xəyanət edib, Müaviyənin tərəfinə keçdilər. Hətta İmam Həsənin (ə) yaxın qohumu və sərkərdəsi Übeydullah ibn Abbas ibn Əbdülmüttəlib də qarşı cəbhəyə qoşuldu. İmam Həsənə (ə) sadiq olan qüvvələr Qeys ibn Səd ibn Übadənin başçılığı altında döyüşmək üçün toplaşdılar. Lakin Müaviyənin göndərdiyi casuslar qoşunun arasında şayiələr yaymaqla narazılıq yaratmağa nail oldular. İmamın silahdaşları onun guya Müaviyə ilə sülh bağladığı barədə yalan şayiəyə inanıb silahı yerə qoydular. Hətta əsgərlərin bir hissəsi bundan qəzəblənib, İmam Həsənin (ə) çadırına hücum etdi. Sui-qəsdçilərdən biri İmamı yaraladı. İmam Həsən (ə) Mədaində müalicə edildiyi zaman onun tərəfdarlarının bir hissəsi könüllü surətdə düşmənin tərəfinə keçdi, bir hissəsi isə qorxu üzündən mübarizədən əl çəkdi. Hətta İmam Həsəni (ə) tərk-silah edib Müaviyəyə təhvil vermək təklifi ilə çıxış edənlər də oldu. Belə ağır şəraitdə İmam Həsən (ə) azsaylı Əhli-beyt tərəfdarlarının həyatını qorumaq, İmam Əlinin (ə) vaxtilə əldə etmiş olduğu bəzi nailiyyətləri itirməmək xatirinə Müaviyə ilə sülh imzalamağa məcbur oldu. Sülh müqaviləsinə görə, İmam Həsən (ə) aşağıdakı şərtlər daxilində Müaviyənin xilafətini qəbul edirdi: Müaviyə öz hakimiyyəti dövründə Qurana və Peyğəmbər sünnəsinə əsaslanmalı, zülm və ədalətsizlik törətməməli, Həzrət Əlinin (ə) tərəfində vuruşub şəhid olmuş şəxslərin ailələrinə təqaüd verməli və özündən sonra xilafətə heç kimi təyin etməməli idi. Həmçinin, İmam Həsən (ə) Müaviyəni “əmirül-möminin” ləqəbi ilə adlandırmamaq hüququnu da əldə etdi. Lakin az sonra Müaviyə müqavilənin şərtlərini kobud şəkildə pozdu. Bununla kifayətlənməyərək, təhlükəli hesab etdiyi İmam Həsəni (ə) aradan götürmək üçün yollar axtarmağa başladı. Nəhayət, hicri 50-ci il səfər ayının 28-də (miladi 670-ci il) İmam Həsən (ə) Müaviyənin göndərdiyi zəhərlə öz həyat yoldaşı Cədə tərəfindən zəhərlədilib şəhid edildi. Cədə səhabə Əşəs ibn Qeys Kindinin qızı idi. Əşəs Əbu Bəkrin bacısı Ümmi-Fərvənin əri idi. Həzrət Əli (ə) hakimiyyətə keçdikdən sonra Əşəs əvvəlcə onun tərəfdarı olmuş, lakin Siffeyn savaşı gedişində əks mövqeyə keçərək, İmama qarşı müxalifət cəbhəsinə başçılıq etmişdi. Onun oğlu (Cədənin qardaşı) Mühəmməd isə sonralar Kərbəlada İmam Hüseynə (ə) qarşı döyüşən ordunun sərkərdələrindən oldu. Müaviyə Cədəyə vəd vermişdi ki, əgər İmam Həsəni (ə) zəhərləsə, onu öz oğlu Yezid üçün alacaq. Lakin Cədə tapşırığı yerinə yetirsə də, Müaviyə öz sözünün üstündə durmadı və «Sənin Həsən ibn Əliyə etdiyini görəndən sonra qorxuram ki, oğlumla da bu cür rəftar edərsən» – deyə, Cədəyə pul mükafatı göndərməklə kifayətləndi. İmamı babası Həzrət Mühəmməd Peyğəmbərin (s) qəbrinin yanında dəfn etmək istəyirdilər, lakin bəzi qüvvələr buna mane oldular. Ona görə də Həzrət Həsəni (ə) Bəqi qəbristanlığında torpağa tapşırdılar. Sonralar İmam Zeynül-abidin (ə), İmam Mühəmməd Baqir (ə) və İmam Cəfər Sadiq (ə) də bu məzarın yanında dəfn edildilər. İmamların qəbri üzərindəki böyük türbə 1926-cı ilin aprelində Səudiyyə Ərəbistanı hökuməti tərəfindən dağıdılmışdır. İmam Həsəni (ə) Müaviyəyə qarşı passivlikdə təqsirkar bilənlərin ittihamı tamamilə əsassızdır. Müaviyə ilə imzalanmış barışıq o dövrün tələblərinə və şəraitinə uyğun idi. Hər tərəfdən xəyanətlə əhatələnmiş İmam Həsənin (ə) bu sülhə razı olmaqdan başqa çıxış yolu qalmamışdı. Həmçinin, bu sülhün əsas şərtlərinin qısa müddətdən sonra Müaviyə tərəfindən pozulması nəticəsində Müaviyənin iç üzü bir daha açıldı. Bununla belə, İmam Həsən (ə) ömrünün sonuna kimi sülhü pozmadı. Ondan sonra İmam Hüseyn (ə) də Müaviyənin ölümünə kimi barışığı qorudu. Çünki müqavilənin bir bəndi – Müaviyənin özündən sonra heç kimi hakimiyyətə təyin etməməsi şərti hələ pozulmamışdı. Lakin Muaviyə öldükdən sonra vəsiyyətinə əsasən oğlu Yezid hakimiyyətə keçdikdə sülhün bütün şərtləri pozulmuş oldu. Artıq İmam Hüseyn (ə) müqavilənin öz qüvvəsini itirdiyini və bununla bağlı Əhli-beytin üzərində heç bir öhdəliyin qalmadığını elan edərək, fəal mübarizəyə başladı. Peyğəmbərin İmam Həsən (ə) və İmam Hüseyn (ə) barədə buyurduğu: «Bunlar qiyam etsələr də, sakit dursalar da, imamdırlar» – hədisindən də görünür ki, İmam Həsənin (ə) seçdiyi yol düzgün idi və bu addım o həzrətin imaməti ilə ziddiyyət təşkil etmirdi. İmam Həsən (ə) öz zəmanəsində ən gözəl əxlaq sahibi kimi tanınırdı. Xüsusilə, onun səbri və helmi dillər əzbəri idi. Rəvayətə görə, 25 dəfə piyada halda (hətta bəzi rəvayətlərə görə, ayaqyalın halda) Mədinədən Məkkəyə həccə getmişdi (bu iki şəhərin arasındakı məsafə 500 km.-ə yaxındır). İmam Həsənin (ə) guya qadınlara hədsiz meylli olduğu barədə şayiələr həqiqətdən uzaqdır. O həzrətin övladlarının sayı barədə məlumatlar ziddiyyətlidir. İmam Həsənin (ə) 15 oğlu və 8 qızı (Vaqidi və Kəlbinin rəvayətinə görə), 16 oğlu və 14 qızı (İbn Cövzinin rəvayətinə görə), 15 oğlu və 6 qızı (İbn Şəhraşubun rəvayətinə görə), 8 oğlu və 7 qızı (Şeyx Müfidin rəvayətinə görə) olduğu barədə rəvayətlər mövcuddur. Övladlarından Zeydin, Ümmül-Həsənin və Ümmül-Hüseynin anası Əbu Məsud Üqbə Xəzrəcinin qızı Ümmi-Bəşirdir. Həsəni-müsənna kimi tanınan oğlunun anası Mənzur Fəzarinin qızı Xövlədir. Ömər, Qasim və Abdullah adlı oğulların anası ümmül-vələddir (ərəblər öz sahibinə övlad bəxş etmiş kənizə ümmül-vələd deyirlər). Əbdürrəhman adlı başqa bir oğlunun anası da ümmül-vələd təbəqəsinə aid qadın olmuşdur. Hüseynül-əsrəm, Təlhə və Fatimənin anası məşhur səhabə Təlhə ibn Übeydullahın qızı Ümmi-İshaq idi (İmam Həsənin (ə) şəhadətindən sonra vəsiyyətinə əsasən, Ümmi-Ishaq İmam Hüseynə (ə) ərə getdi). İmam Həsənin (ə) dörd qızı – Ümmi-Abdullah, Fatimə, Ümmi-Sələmə və Rüqəyyə də ayrı-ayrı qadınlarla izdivacdan doğulmuşdu. İmam Həsənin (ə) Əli Əkbər, Əli Əsğər, Cəfər, Abdullahül-əkbər, Əhməd, İsmail, Yəqub, Əqil, Mühəmmədül-əkbər, Mühəmmədül-əsğər, Həmzə və Əbu Bəkr adlı oğullarının, Səkinə, Ümmül-xeyr, Ümmi-Əbdürrəhman və Rəmlə adlı qızlarının da olduğunu yazırlar. Övladlarının içində yaşca ən böyüyü Zeyd idi. Imamın nəsli də məhz Zeyd və Həsəni-müsənna vasitəsilə davam etmişdir. İmam Həsənin (ə) Qasim, Əbu Bəkr və Abdullah adlı oğulları Kərbəlada şəhid olmuşlar. Ömər ibn Həsənin də Kərbəlada şəhid olduğu barədə bəzi məlumatlar vardır. Həsəni-müsənna Kərbəlada olmuş, amma şəhid edilməmiş və əsir aparılmışdı. İmam Həsənin (ə) qızı Ümmi-Abdullah Fatimə öz əmisi oğlu dördüncü imam Zeynül-abidinə (ə) ərə getmiş, İmam Mühəmməd Baqir (ə) bu izdivacdan doğulmuşdu. İmam Həsənin (ə) nəslindən olanları «şərif» adlandırırlar. Əsplər boyunca Əhli-beyt seyidlərinin başçısı (bunlara «nəqib» və «mütəvəlli» deyirdilər) şəriflərin arasından seçilmişdir. Əhli-beytə çatacaq xüms pullarını da onlar idarə edirdilər.
İmam Həsənin (ə) həyatı
