Axtar

İlahi mesaj: Allahın rəhmətinə ümid bəslədiyimiz kimi əzabından da qorxmalıyıq

  • Paylaş:
İlahi mesaj: Allahın rəhmətinə ümid bəslədiyimiz kimi əzabından da qorxmalıyıq

Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.

O ilahi mesajlardan biri də budur ki, Allahın rəhmətinə ümid bəslədiyimiz kimi əzabından da qorxmalıyıq. Necə ki, “Maidə” surəsində oxuyuruq:

«اِعْلَمُوا أَنَّ اَللّٰهَ شَدِیدُ اَلْعِقٰابِ وَ أَنَّ اَللّٰهَ غَفُورٌ رَحِیمٌ»

“Bilin ki, Allah (həm) ağır cəzalandırandır və (həm də) Allah çox bağışlayan və mehribandır” (Maidə,98).

Ustad Qəraəti “Nur” təfsirində belə yazıb: “Bu ayəni əvvəlki ayənin davamı hesab etsək, deyə bilərik ki, Kəbəyə və haram aylara olan ehtiramı pozmaq, qurban kəsməyə və həccin hökmlərinə qarşı çıxmaq, həcc mərasimlərini mənasız hesab etmək ağır cəza ilə nəticələnəcək. Necə ki, Kəbəyə və haram aylara hörmət etmək, qurban kəsmək və həcc mərasimlərini yerinə yetirmək özü ilə ilahi bağışlanma və rəhmət gətirir. (Təbii ki, ayə müstəqil şəkildə və əvvəlki ayədən asılı olmayaraq təfsir edilə bilər)”.

Bu ayədən başa düşülür ki, Allahın rəhmət və məğfirəti olduğu kimi əzabı da vardır. Beləliklə, bəziləri kimi Allahın yalnız rəhməti olduğunu düşünüb və buna əsaslanaraq hər bir günah və pis işi görməkdə cürət tapmamalıyıq. Bu bəhanə ilə ki, hər iş görsək Allah bizi bağışlayacaq, çünki O, rəhmət sahibidir. Bir halda ki, sözügedən ayə, bizə açıq surətdə xatırladır ki, bu baxış səhv bir baxışdır, çünki ayədə Allahın rəhməti ilə yanaşı əzabının da olduğu qeyd edilib. Həm də əzabının şiddətli olduğu bildirilib. Bu sualın cavabını verməliyik ki, Allah kimləri əzabına düça edir?

Quran ayələrinə istinad edərək deyə bilərik ki, Allah Onun əmrindən çıxan və Ona itaət etməyənlərə əzab verəcək. Amma itaət edənləri isə Öz rəhmətinə qərq edəcək.

Deməli, mömin daima qorxu ilə ümid arasında olmalı, ən şiddətli əzab olan ilahi əzabdan qorxmalı, Allahın qəzəbindən əvvəl gələn bağışlanma və rəhmətinə ümid bəsləməlidir ki, Allah qorxusundan günah işləməsin. Əgər günah edərsə, “mən artıq cəhənnəm əhli olmuşam, nə istəsəm edə bilərəm” deməməlidir, əksinə, Allahın rəhmətinə və bağışlanmasına ümid edib, tövbə etməlidir. Həmçinin bilməlidir ki, Allah bütün həqiqi tövbə edənləri bağışlayır.

Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, əgər möminin qorxusu və ümidi tərəzidə çəkilsəydi, eyni çəkidə olardı. İmam Sadiqdən (ə) rəvayət olunur ki, o, öz əzəmətli əcdadlarından nəql edir ki, Peyğəmbər (s), Cəbraildən, Allah-taaladan nəql etmişdir ki, hər kim kiçik və ya böyük bir günah işlətsə, ona əzab vermək və ya onu bağışlamaq Mənim haqqım olduğunu bilsə, Mən onu bağışlayaram.

Beləliklə, Qurandakı ilahi mesajlardan biri budur ki, Allahın rəhmətinə ümid bəslədiyimiz kimi əzabından da qorxmalıyıq.