Axtar

Həqiqi xoşbəxtlik nədir?

  • Paylaş:
Həqiqi xoşbəxtlik nədir?

Şiə məzhəbinə görə  həqiqi səadət maddi  yox , mənəvidir . Yəni əgər insanın qəlbi aram olsa, dünyada düzgün yol ilə addımlasa və axirətdə nicat tapanlardan olsa, həmin şəxs əslində səadətə qovuşmuş sayılar.

Qısa olaraq desək, həqiqi xoşbəxt o insana deyilir ki, mənəvi rahatlığa nail olsun və əbədi olan axirət aləmində nicat tapanların sırasında yer tutsun.

Həqiqi xoşbəxtlik və səadət sadəcə dünyəvi rahatlıq və ya maddi rifah deyil. Bu anlayış daha dərin və mənəvi bir məna daşıyır və əsasən insanın Allahla olan münasibəti ilə ölçülür.

Bu baxımdan da həqiqi xoşbəxtlik və səadət yalnız maddi imkanlardan asılı deyil. Xoşbəxtlik bir sıra əhəmiyyətli olan mənəvi amillərə bağlıdır ki, onların ən önəmli olanlarını aşağıda gətiririk.

1. Allaha yaxınlıq

Şiə düşüncəsində həqiqi xoşbəxtlik insanın Allaha yaxınlaşmasıdır. Bu, iman, ibadət və ixlasla mümkündür. Quranda, eləcə də Əhli-beytin (ə)kəlamlarında vurğulanır ki, qəlbin aramlığı yalnız Allahı zikr etməklə əldə olunur.

Ona görə də həqiqi xoşbəxtlik və səadət axtaran insan, gərək ilk olaraq özünü Allaha yaxınlaşdırsın.

Allaha yaxınlaşmaq deyəndə, təbii ki, fiziki yox, mənəvi və ruhi yaxınlıqdan söz gedir. Yəni insan Allahı olduğu kimi, onun sifətləri ilə birgə tanıyıb, qəbul etdikdən sonra, öz əməl və davranışlarına diqqət etməli, haram və günah işlərdən uzaq durmalıdır. Əgər insan bunu bacararsa, tədricən Allaha yaxınlaşmış olar.

2. Düzgün yol olan Əhli-beytin (ə) yoluna bağlılıq

Şiə məzhəbində Əhli-beytə (ə)sevgi və itaət, insanı hidayətə aparan əsas yoldur. İmam Hüseyn (ə) kimi şəxsiyyətlərin həyat yolu fədakarlıq, ədalət və haqq uğrunda mübarizəni simvolizə edir – bu da mənəvi xoşbəxtliyin açarı sayılır.

3. Axirət yönümlü həyat

Şiə baxışına görə dünya keçicidir. Həqiqi xoşbəxtlik isə axirətdə Allahın razılığını qazanmaqdır. Yəni insanın əməlləri yalnız bu dünya üçün deyil, əbədi həyat üçün də olmalıdır.

Əgər insan bu məsələ üzərində düşünüb, həyatına bu düşüncə ilə davam etsə, dünya həyatında xoşbətliyə nail olar. Çünki bu fəlsəfə ilə yaşayan insan, dünyadakı problemlərin keçici və müvəqqəti olduğunu hər zaman xatırlayar, dünya sıxıntılarına qarşı dözümlülük göstərər və nəticədə xoşbəxtliyə qovuşar.

4. Əxlaq və nəfsin tərbiyəsi

Daxili sakitlik və xoşbəxtlik, səbir, təvazökarlıq, ədalət, mərhəmət və bunlar kimi digər yaxşı əxlaqa bağlıdır. İmam Cəfər Sadiq (ə) buyurur ki, İnsanın xoşbəxtliyi onun nəfsinə hakim olmasındadır.

Deməli əgər insan öz nəfsinə hakim olub, əxlaqi dəyərləri özündə cəmləşdirərsə, ruhi aramlığa yetişər və nəticədə xoşbəxtlik əldə etmiş olar.

5. Sınaqlara baxmayaraq daxili aramlığı qorumaq

Şiə təlimində xoşbəxtlik çətinliklərin olmaması deyil, çətinliklər içində imanla sabit qalmaqdır. Kərbəla hadisəsi buna nümunə kimi göstərilir.

Deməli həqiqi xoşbəxtlik, Allaha yaxın olmaq,Əhli-beytin (ə) yolu ilə getmək, yaxşı əxlaqa sahib olmaq, axirəti əsas məqsəd seçmək və dünya sıxıntılarına baxmayaraq, daxili mənəvi rahatlığıqorumaq ilə əldə edilir.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev