Dinimizə görə, əlbəttə, hər şəxsin əxlaq çərçivəsində bəyəndiyi rəngdə libas geyinməsi məqbuldur, bu barədə qəti göstəriş yoxdur. Məsumların kəlamlarında geyimin rəngi ilə bağlı buyrulanlar tövsiyə xarakteri daşıyır. Hədislərdə açıq rəngdə geyimlərə üstünlük vermək, tünd rəngli geyimdən çəkinmək tövsiyə edilib. Hətta namazda da ağ və ya başqa açıq rənglərdə libas geyinmək, mərhum şəxsi ağ kəfənə bükmək müstəhəbdir (bəyəniləndir, savabı çoxdur). Tünd rəngli geyimdə namaz qılmaq məkruhdur (bəyənilməzdir). Məsumlarımız ağ, sarı, yaşıl rənglərə üstünlük verirdilər. Bunun bəzi tibbi və gigiyenik faydaları da vardır. Açıq rəngli libas təmizlik və səliqə tələb edir, onu geyinən şəxs təmizliyə və səliqəyə riayət etmək məcburiyyəti qarşısında qalır, çünki tünd rəngdən fərqli olaraq açıq rəngin üzərində ləkə daha tez görünür. Həmçinin, açıq rəngli libas günəş şüalarını daha axşı əks etdirir, ifrat tərləmənin qarşısını alır, bədənin “nəfəs almasını” təmin edir. Əlbəttə, xüsusi hallarda, məsələn, yas zamanı, məhərrəmlik mövsümündə tünd rəngli libaslardan istifadə etməyin məkruhluğu yoxdur, əksinə, bəyəniləndir.
Hansı rəngdə libaslar geyinmək yaxşıdır?
