Axtar

Günümüzdə qadınların müasir əsarəti və Hicab

  • Paylaş:
Günümüzdə qadınların müasir əsarəti və Hicab

Müasir dünyada qadın azadlığı, hüquqları və cəmiyyətdəki mövqeyi ən çox müzakirə olunan məsələlərdəndir. Bu gün bir çox cəmiyyətlərdə qadın azadlığı adı altında təqdim olunan bəzi düşüncə və həyat tərzləri əslində qadını yeni növ əsarətə sürükləyir. Belə bir şəraitdə İslamın, xüsusilə də şiə məktəbinin hicaba baxışı xüsusi əhəmiyyət kəsb edir.

İslam dininə əsasən, qadın insan olaraq Allah-taala tərəfindən böyük məqam və dəyərlə yaradılmışdır. Qurani-Kərimdə insanın üstünlüyünün onun zahiri görünüşü, cinsi və ya maddi imkanları ilə deyil, təqvası ilə ölçüldüyü bildirilir. Allah quranda buyurur: Həqiqətən, Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır. (Hucurat, 13). 

Bu baxımdan qadının dəyəri onun gözəlliyi və xarici görünüşü ilə deyil, şəxsiyyəti, elmi, əxlaqı və mənəviyyatı ilə müəyyən olunur.

Müasir dövrdə qadın bəzən azadlıq adı altında gözəllik standartlarının, moda sənayesinin, reklamların və sosial şəbəkələrin təsiri altına düşür. Onun dəyəri zahiri görünüşü, bədən quruluşu və başqalarının diqqətini cəlb etməsi ilə ölçülməyə başlanır. Beləliklə, qadın öz şəxsiyyətindən daha çox başqalarının gözləntilərinə uyğun yaşamağa məcbur olur. Bu isə müasir əsarətin bir formasıdır. Çünki həqiqi azadlıq insanın başqalarının istəklərinin deyil, öz sağlam düşüncəsinin, vicdanının və ilahi dəyərlərin əsasında həyatını qurmasıdır.

Hicab qadının azadlığını məhdudlaşdıran bir vasitə deyil, onun mənəvi şəxsiyyətini, iffətini və insanlıq dəyərini qorumağa xidmət edən ilahi hökmdür. Hicab yalnız baş örtüyündən ibarət deyil; o, həmçinin davranışda, danışıqda, baxışda və ümumi əxlaqda həyanı qorumaq deməkdir. Qurani-Kərimin Nur surəsinin 31-ci ayəsində qadınlara iffətlərini qorumaq və zinətlərini naməhrəmlərdən gizlətmək əmr olunur.

Əhli-beyt (ə) məktəbində həya və iffət qadının mənəvi kamilliyinin mühüm göstəricilərindən hesab olunur. Həzrət Fatimeyi-Zəhra (s.ə.) qadın üçün həm mənəvi paklığın, həm elmin, həm də ictimai fəallığın nümunəsidir. O, öz iffətini qorumaqla yanaşı, haqqın müdafiəsində fəal iştirak etmişdir. Bu da göstərir ki, hicab qadının elmdən, ictimai fəaliyyətdən və cəmiyyətin inkişafından uzaqlaşması demək deyildir.

Ona görə də müasir əsarətdən xilas olmaq qadının öz həqiqi dəyərini tanıması ilə mümkündür. Hicab qadını cəmiyyətin gözəllik meyarlarının əsirinə çevrilməkdən qoruyan, onun mənəvi kimliyini ön plana çıxaran bir həyat tərzidir. Əsl azadlıq insanın nəfsinin, modanın və insanların mühakimələrinin əsiri olmaması, Allahın buyurduğu yolda şüurlu şəkildə addımlamasıdır. Hicab da məhz bu mənəvi azadlığın və ilahi itaətin ifadələrindən biridir.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev