İslam dinində bütün vacib, haram, müstəhəb və digər əməllərin fəlsəfə və məntiqi səbəbləri var. Şübhəsiz ki, Fitrə zəkatının da özünə məxsus bəzi səbəb və fəlsəfələri var. Fitrə zəkatı sadəcə maddi yardım deyil, həm də dərin mənəvi və ictimai fəlsəfəyə malik bir ibadətdir. Onun hikmətini bir neçə əsas istiqamətdə izah etmək olar . Aşağıda Fitrə zəkatının bəzi fəlsəfələrinə işarə edəcəyik.
1. Orucun kamilləşdirilməsi
Fitrə zəkatı, Ramazan ayı ərzində tutulan orucların tamamlayıcısı sayılır.
İnsan oruc tutarkən bilərəkdən və ya bilmədən etdiyi xətalara görə bu zəkat bir növ “Təmizləyici” rolunu oynayır.
2. Mənəvi paklanma
Fitrə zəkatı insanın nəfsini xəsislikdən və dünya malına bağlılıqdan təmizləyir. Bu, insanı səxavətə və paylaşmağa təşviq edir və Allaha yaxınlaşma vasitəsi sayılır.
3. Cəmiyyət daxilində sosial ədalət
Fitrə zəkatının əsas fəlsəfələrindən biri də, cəmiyyətdə kasıb və ehtiyaclı insanların sevindirilməsidir.
Belə ki, Fitrə zəkatı, Fitr bayramı günü heç kəsin ac və ya ehtiyac içində qalmaması məqsədini daşıyır.
4. Ümumi sevincin təmin edilməsi
Bayram yalnız varlılar üçün deyil, bütün müsəlmanlar üçün sevinc günü olmalıdır. Ona görə də Fitrə zəkatı kasıbların da bayram süfrəsi qurmasına və ləyaqətlə yaşamasına şərait yaradır.
5. İctimai həmrəylik və qardaşlıq
Bu zəkat cəmiyyətdə birlik hissini gücləndirir, insanlar bir-birinə qarşı məsuliyyət hiss edir və sosial bağlar möhkəmlənir.
6. İlahi şükür ifadəsi
Fitrə zəkatı, Allahın verdiyi nemətlərə görə bir təşəkkür formasıdır.
Bu zəkatı verməklə, i nsan sahib olduğu ruzi və sağlamlıq üçün Allah qarşısında minnətdarlığını əməli şəkildə göstərir.
Nəticə
Fitrə zəkatı sadəcə maliyyə ödənişi deyil; o, həm fərdi (mənəvi təmizlənmə), həm də ictimai (ədalət və bərabərlik) məqsədlərə xidmət edən çoxşaxəli bir ibadətdir.
Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev
