Axtar

Duanın Allah tərəfindən qəbul edilməsi və istəyin həyata keçməsi üçün hansı namazı qılmaq məsləhətdir?

  • Paylaş:
Duanın Allah tərəfindən qəbul edilməsi və istəyin həyata keçməsi üçün hansı namazı qılmaq məsləhətdir?

Duadan əvvəl gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılmaq tövsiyə edilib. Dünya və axirət istəklərini əhatə edən duaların bir çoxunu ya namazdan sonra, ya da namazın içində (qünutda ya səcdədə) söyləmək təkid edilib. Namaz zamanı rüku və səcdələri bir qədər uzatmaq bəyənilir. Müstəhəb namazlar içində hacət namazı adlanan bir namaz növü də vardır ki, Allahdan diləyi olan şəxslərdən ötrü nəzərdə tutulub. Hacət namazının müxtəlif cür qılınma qaydaları var. Bir rəvayətə görə, hacət namazı gecəyarısı (cümə gecəsi daha yaxşıdır) iki rükət şəklində qılınır, axırda 70 dəfə bu dua oxunur: “Ya əbsərən-nazirin, ya əsrəəl-hasibin, ya əsməəs-samiin, ya əkrəməl-əkrəmin, ya ərhəmər-rahimin, ya əhkəməl-hakimin”. Tərcüməsi: “Ey bütün nəzarətçilərdən daha yaxşı görən, ey hamıdan daha tez hesab çəkən, ey bütün eşidənlərdən daha yaxşı eşidən, ey kəramətlilərin ən kəramətlisi, ey mərhəmətlilərin ən mərhəmətlisi, ey hökm edənlər içində ən adalətli hakim!” Birinci rükətdə “Fatihə”dən sonra üç dəfə ayətül-kürsi, ikinci rükətdə isə “Fatihə”dən sonra “İxlas”, “Fələq” və “Nas” surələrini oxumaq məsləhətdir.