Allah-talanın istər bu dünyada, istərsə də axirətdə görünüb-görünməməsi məsələsinə İslam məzhəblərinin münasibəti fərqlidir. Ümumiləşdirilmiş şəkildə bunu deyə bilərik ki, əhli-sünnə alimlərinin fikrincə, insanların bu dünyada Allahı görə bilmələri nəzəri cəhətdən mümkündür. Hərçənd ki, belə bir hadisənin baş verdiyini iddia etmək olmaz. Amma qiyamətdə möminlər öz Rəbblərini mütləq görəcəklər. Qurani-Kərimin aşağıdakı ayəsi buna sübut gətirilir: “O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə tərəf baxacaq” (Qiyamət, 22-23). Lakin şiə məzhəbində bu iddiaya aşağıdakı cavablar verilir: Əvvəla, ayədəki “nazirə” kəlməsi ərəb dilində yalnız “baxmaq” deyil, həm də “gözləmək, intizarında olmaq, nəsə ummaq” mənalarını ifadə edir. Bu mənada möminlərin qiyamət günündə Allahdan mükafat gözləmələri, cənnət nemətlərinin intızarında olmaları tamamilə təbii haldır. İkincisi, hətta “nəzər” kəlməsini “baxmaq” kimi qəbul etsək belə, bu, heç də hər baxanın görməsi mənasını bildirmir. Bəzən insan nəyə isə baxır, amma onu görə bilmir. Məsələn, buludlu havada Ayın görünməli olduğu istiqamətə nə qədər baxsaq da, onu görmürük. Deməli, qiyamətdə möminlərin Allaha sarı, daha doğrusu, Onun qüdrət və əzəmətinin zahir olduğu məqama sarı baxmaları, heç də Allahı görmələri anlamına gəlmir. Şiə məzhəbinə əsasən, Allah-Taala nə bu dünyada, nə də axirətdə görünməz. Çünki O, cism deyil. Yalnız maddi olan, fiziki ölçüyə və rəngə malik cismlər görünə bilər. İnsanın gözü ruh, cazibə qüvvəsi, sevgi, nifrət kimi anlayışları görə bilmir. Bunların hamısı mücərrəd və qeyri-maddi məfhumlardır. Ona görə Allahın da gözə görünməməsini təbii qəbul etməliyik. Qurani-kərimdə bu barədə belə buyurulur: “Gözlər onu dərk etməz (görməz). O, gözləri dərk edər. O, lətifdir (cism xüsusiyyətlərindən uzaqdır), (hər şeydən) xəbərdardır” (Ənam, 103).
Allahın gözlə görünməsi məsələsinə dinimizin münasibəti necədir?
