Axtar

ABŞ-da keçirilən son seçkilərdə 38 müsəlman namizədin qələbəsi

  • Paylaş:
ABŞ-da keçirilən son seçkilərdə 38 müsəlman namizədin qələbəsi

Əl-Cəzirənin məlumatına görə, ABŞ-dakı ən böyük müsəlman təşkilatı sayılan Amerika-İslam Əlaqələri Şurası (CAIR) seçkilərin nəticələri ilə bağlı hesabat dərc edib. Hesabatda bildirilir ki, bu seçkilərdə müsəlman namizədlərin və qaliblərin dövlət və qanunverici orqanlarda təmsilçiliyi misilsiz səviyyəyə çatıb.

Şura vurğulayıb ki, qalib gələnlər arasında ştat qanunverici məclislərinin üzvləri, şəhər bələdiyyə başçıları, şəhər şuralarının üzvləri və digər dövlət vəzifələrinə seçilən şəxslər var.

Amerika-İslam Əlaqələri Şurasının məlumatına görə, son seçkilərdə 76 müsəlman namizəd iştirak edib və onlardan 38-i qalib gəlib. Şura əlavə edib ki, bəzi şəhərlərdə seçki nəticələri hələ açıqlanmayıb və bu da qalib gələn müsəlman namizədlərin sayının artmasına səbəb ola bilər. Həmin şəhərlər arasında Miçiqan ştatının Hemtramik şəhəri də var və burada iki müsəlman namizəd mer vəzifəsi uğrunda mübarizə aparır.

Şura həmçinin Nyu-York şəhərinin meri seçilən Zəhran Məmdaninin qələbəsini tarixi dönüş nöqtəsi adlandırıb və bildirib ki, Virciniya ştatının vali müavini seçilən Qəzalə Haşimi ABŞ tarixində ştat səviyyəsində dövlət vəzifəsinə gələn ilk müsəlman qadın olub.

Amerika-İslam Əlaqələri Şurası bəyanatında vurğulayıb ki, bu qələbələr təkcə amerikalı müsəlmanların deyil, həm də ədalətə, bərabərliyə və demokratik iştiraka inanan bütün amerikalıların uğurudur.

Bəyanatda qeyd olunub ki, bir çox müsəlman namizəd islamofobiya və təşkilatlanmış yalan məlumat kampaniyaları ilə üzləşmələrinə baxmayaraq seçkilərdə qalib gəlməyi bacarıb.