Şəriətimiz naməhrəm şəxslər arasında hər cür münasibətin çərçivə daxilində olmasını tələb edir. Kişinin ona naməhrəm olan qadına şəhvət qəsdi ilə baxması mütləq mənada haram və günahdır. Bu zaman qadının bədəninin hər hansı üzvünə, hətta əllərinə baxmaq fərq etməz. Amma qadının biləkdən aşağı əllərinə və sifətinə (saç, boyun-boğaz istisna olmaqla) ləzzət qəsdi olmadan baxmaqda günah yoxdur; hərçənd ki, zərurət olmadığı halda bunu da etməmək yaxşıdır. Bir qadın adətən hicaba riayət edirsə, naməhrəm kişi onun hicabsız şəklinə baxa bilməz. Amma hicab barədə şəriətin əmrini bildiyi halda buna riayət etməyən və açıq gəzən qadınlara ləzzət qəsdi olmadan baxmaq günah deyil (burada ləzzət qəsdi olmamaq şərtini bir daha vurğulayırıq). Əlbəttə, bu zaman hicabsız qadınların adətən örtmədiyi bədən üvləri – qollar, boyun və dizdən aşağı ayaqlar nəzərdə tutulur. Əksər hicabsız qadınların örtülü saxladıqları məhrəm yerlərə baxmaq isə bura aid deyil, onlara baxmaq hər bir halda günahdır.
Yad qadına baxmaq günahdırmı?
