Axtar

Şiə məktəbinə əsasən xumsun vacib olmasının dəlilləri

  • Paylaş:
Şiə məktəbinə əsasən xumsun vacib olmasının dəlilləri

İslam dinində insanın maddi və mənəvi paklanmasına xidmət edən mühüm vacibatlardan biri xumsdur. Xums ərəb dilində «Beşdə bir» mənasını ifadə edir. Şiə Cəfəri fiqhində xums müəyyən şərtlər daxilində insanın əldə etdiyi qazancın və digər xums vacib olan malların beşdə birinin Allahın müəyyən etdiyi istiqamətlərdə sərf edilməsidir. Xumsun vacibliyi Qurani-Kərim, Peyğəmbərin (s) sünnəsi, Əhli-beytin (ə) hədisləri və şiə alimlərinin icması ilə sübut olunur.

Xumsun vacibliyinə dəlalət edən dəlilləri sıra ilə aşağıda gətirəcəyik.

 

1. Qurani-Kərimdən dəlil

Xumsun vacibliyinin əsas dəlillərindən biri Qurani-Kərimin Ənfal surəsinin 41-ci ayəsidir. Allah-Taala ayədə buyurur: Bilin ki, əldə etdiyiniz qənimətlərin hər hansı birindən Allah üçün onun beşdə biri, Peyğəmbər üçün, onun yaxınları üçün, yetimlər, yoxsullar və yolda qalanlar üçündür…

Şiə alimləri bu ayəni xumsun vacibliyinə əsas dəlil hesab edirlər. Onların izahına görə, ayədə işlədilən «ğənimət» sözü yalnız müharibə qəniməti ilə məhdudlaşmır, ərəb dilində əldə edilən fayda və qazanc mənasını da daşıyır. Buna görə də Əhli-beyt (ə) məktəbinin təfsir və fiqh ənənəsində xumsun təkcə müharibə qənimətinə deyil, müəyyən şərtlərlə insanın il ərzində əldə etdiyi artıq qazanca da aid olduğu bildirilir.

 

2. Peyğəmbərin (s) sünnəsindən dəlil

Peyğəmbərimiz (s) müxtəlif hədislərində xumsun verilməsini İslamın maliyyə hökmlərindən biri kimi bəyan etmişdir. Tarixi mənbələrdə müxtəlif qəbilə və nümayəndə heyətlərinə göndərilən məktublarda xumsun ödənilməsi barədə göstərişlərə rast gəlinir. Bu da xumsun İslam cəmiyyətində mühüm dini vəzifə olduğunu göstərir.

Həmçinin islam mənbələrində İslam Peyğəmbərindən (s) rəvayət olunur və o həzrət (s) buyurub ki, “Xüms yalnız İslama aid bir hökm deyil; ilk dəfə öz malından xüms çıxaran şəxs Həzrət İbrahim (ə) olmuşdur”.

 

3. Əhli-beytin (ə) hədislərindən dəlil

Şiə məzhəbində İmamların (ə) buyuruqları xums məsələsinin izahında mühüm yer tutur. İmam Cəfər Sadiqdən (ə) nəql olunan rəvayətlərdə xumsun Allahın haqqı olduğu və onun müəyyən olunmuş şəxslərə çatdırılmasının zəruriliyi vurğulanır. Həmçinin İmamlar (ə) öz ardıcıllarına xumsun hökmlərini öyrətmiş, onun hansı mallara aid olduğunu və necə bölüşdürülməli olduğunu izah etmişlər.

Hədislərin birində imam Sadiq (ə) xümsün önəmini vurğulayaraq, Qiyamət günündə haqq sahibinin Allah dərgahında xümsünün ödənilməməsindən şikayət edəcəyini bildirmişdir.

 

4. Xumsun hikməti və ictimai əhəmiyyəti

Xums yalnız maddi ödəniş deyil, həm də mənəvi tərbiyə vasitəsidir. O, insanı dünya malına həddindən artıq bağlanmaqdan qoruyur, onda səxavət, məsuliyyət və ehtiyaclı insanlara qarşı mərhəmət hissini gücləndirir. Şiə fiqhində xumsun iki hissəyə bölünməsi nəzərdə tutulur: Səhmu İmam (İmamın (ə) payı) və Səhmu sadat (Seyyidlərin payı). İmamın (ə) səhmi qeybət dövründə müctəhidin və ya onun icazə verdiyi istiqamətlərin nəzarəti ilə, səhmi sadat isə müəyyən şərtlərə cavab verən ehtiyaclı seyidlərə sərf olunur.

Beləliklə, şiə Cəfəri məktəbinə əsasən xumsun vacibliyi Qurani-Kərimə, Peyğəmbərin (s) sünnəsinə və Əhli-beytin (ə) hədislərinə əsaslanır. Xums insanın malını mənəvi baxımdan paklamaqla yanaşı, İslam cəmiyyətində sosial ədalətin, dini maarifin və ehtiyaclı insanların müdafiəsinin güclənməsinə xidmət edir. Buna görə də xums yalnız maddi vəzifə deyil, həm də insanın Allaha itaətinin və dini məsuliyyətinin mühüm göstəricisidir.

Qeyd: Şiə fiqhində xumsun tətbiqi və hesablanması zamanı gəlirin növü, illik xərclər və digər şərtlər nəzərə alınır. Konkret əməli hökmlərdə təqlid edilən müctəhidin fətvasına müraciət edilməlidir.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev