Bismillahir-Rahmənir-Rahim
Əziz müsəlmanlar!
Bu il (2026) Mübarək Ramazan ayı Fevral ayının 19-u başlayacaq. Bu ayın gəlişi münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Bu ay – ilahi rəhmət, bağışlanma, bərəkət və quran ayı, eləcə də nəfsin tərbiyəsi və ruhun saflaşması ayıdır.
Uca Allahın buyurduğu kimi, bu ayda nazil olan Quran, insanlara hidayət və haqq ilə batili ayıran açıq dəlildir. Əhli-beyt (ə) məktəbinə görə, insanın mənəvi təkamülü üçün bu ay misilsiz bir fürsətdir.
İmam Əli (ə) buyurur: Oruc yalnız yemək və içməkdən çəkinmək deyil, dilin, qəlbin və bütün üzvlərin günahdan qorunmasıdır.
Həmçinin İmam Cəfər Sadiq (ə) buyurur ki, bu ay mömin üçün ilahi ziyafət ayıdır. Bu ziyafətdə ən böyük qazanc – bağışlanmaq, qəlbi saflaşdırmaq və Allahla yaxınlığı artırmaqdır.
Bu baxımdan Ramazan ayı sadəcə zahiri ibadət deyil, batini islah və təqva məktəbidir.
Allahdan diləyim budur ki, bu mübarək ayda hər kəsin oruc və ibadətini qəbul etsin, dualarını müstəcab qərar versin, günahlarını bağışlasın, cəmiyyətimizə və ümmətə vəhdət, ədalət və hidayət nəsib etsin.
Bu ramazan ayı hər birimizin həyatında dönüş nöqtəsi olsun, bizi Quran və Əhli-beyt (ə) yoluna daha da yaxınlaşdırsın.
Ramazan ayınız mübarək olsun!
Allah oruclarınızı, namazlarınızı və bütün xeyir əməllərinizi qəbul etsin.
Vəssəlamu əleykum və rəhmətullahi və bərakatuhu.
Qardabani Məscidinin imam Cüməsi, Hacı Elçin Əliyev
