Həcc surəsinin 28-ci ayəsində buyurulur: “Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin”. Bu ayə Həccin uca məqsədlərindən açıq-aşkar danışır. Bu məqsədlərin həm ibadi, həm də qeyri-ibadi yönləri var. Həm Allahı zikr etmək, həm də nemətlərdən bəhrələnməkdir. Bu ayədə deyildiyi kimi, insanlar “öz mənfəətlərinə şahid olmaq” üçün Allah Evinə dəvət olunurlar. İmam Rza (ə) buyurur ki, bu faydalar yer üzündəki bütün insanları, istər həccə getsin, istərsə də getməsin əhatə edir. Bu faydalar mütləq şəkildə ifadə edilir və konkret ölçü ilə məhdudlaşmır. İbn Abbas kimi bəzi təfsirçilər başqa bir ayəyə əsaslanaraq bunu maddi və ticarət mənfəəti hesab etmişlər: “(Həcc əsnasında) Rəbbinizdən mərhəmət və ruzi diləməyinizdə sizə heç bir günah yoxdur” (Bəqərə, 198). Bəziləri bu faydaları sırf mənəvi hesab edirdilər.
Amma əslində bu faydalar həm dünyada, həm də axirətdə nəzərə alınır. Yəni bütün mənəvi nemət və faydaları və maddi nəticələri, fərdi və ictimai nemətləri, siyasi, iqtisadi və əxlaqi fəlsəfələri özündə cəmləşdirir. Bunun əsas səbəbi ayədəki ifadənin dünyəvi və ya dünya mənfəətləri ilə məhdudlaşmayan ümumiliyidir.
Möhtəşəm Həcc mövsümü zülm mühitindən ağır şəraitdə yaşayan insanlar üçün oyanış mərkəzi ola bilər. Bu səfər zamanı müsəlmanlar İslam birliyini nümayiş etdirməklə yanaşı, bir-biri ilə əlaqə yarada, digər ölkələrdəki vəziyyətlərdən, onların siyasi xəbərlərindən xəbərdar ola bilərlər.
Bundan başqa, Qurani-Kərimə görə həcc mərasimi zamanı müşriklərdən bəraət etməyi (onlara nifrət bildirmək) bəyan etməsi: “Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)” (Tövbə, 3). Bu, özü Həcc mövsümünün siyasi ölçüsünü göstərir və İslam ümmətinin makro siyasətlərini elan etmək üçün münasib yer və məkan olduğunu bildirir.
Bir sözlə, həcc ruhun Allahı zikr etməklə saflaşdığı, əqlin ibrətlə tərbiyə edildiyi, cismin zəhmətlə gücləndiyi, ümmətin birlik, agahlıq, düşməni tanımaqla gücləndiyi bir ibadətdir.