Quran Allah-tala tərəfindən iki dəfə endirilmişdir. Bir dəfə Allah Müqəddəs Kitabı bütün hadisələrin qabaqcadan qeyd edildiyi Lövhi-məhfuzdan yer səmasına (yaxud Peyğəmbərin qəlbinə) endirmişdir. Bu zaman Quran bütöv şəkildə, birdəfəlik nazil olmuşdur. Həzrət Mühəmmədə (s) peyğəmbərlik verildikdən sonra isə Allah-tala öz məsləhəti əsasında Quran ayələrini hissə-hissə (23 il ərzində tədricən) Cəbrail adlı mələk vasitəsilə Ona çatdırmışdır. Elə Quranın öz mətnində onun iki dəfə endirilməsinə işarələr vardır. Ayələrdə Quranın endirilməsindən danışılarkən, eyni kökdən olan, amma müxtəlif formalı iki söz işdədilir: “inzal” və “tənzil”. Məsələn: “İnna ənzəlnahu fi leylətil-Qədr” (“Biz onu Qədr gecəsində nazil etdik”) (“Qədr”, 1). “Və nəzzəlnahu tənzila” (“Və onu tənzillə endirdik”) (“İsra”, 106). “Tənzilul-kitabi min-Allahil-əzizil-həkim” (“Kitabın (yəni Quranın) tənzillə endirilməsi izzətlə və hikmətli Allah tərəfindəndir”) (“Zümər”, 1). Burada “inzal” – Quranın birdəfəlik endirilməsi, “tənzil” isə hissə-hissə göndərilməsi mənalarını verir. Məşhur alim Əllamə Süyuti “əl-İtqan” kitabında Peyğəmbərdən aşağıdakı hədisi rəvayət etmişdir: “Quran Qədr gecəsində yer səmasına birdəfəlik endirildi. Sonra Allah onu hissə-hissə, lazım bildiyi vaxtlarda öz Peyğəmbərinə göndərdi”.
Quran Peyğəmbərə birdəfəlik endirilib ya hissə-hissə?
