Axtar

Təkəbbür xasiyyətinin həlli yolları

  • Paylaş:
Təkəbbür xasiyyətinin həlli yolları

İslam əxlaqında insanın mənəvi kamilliyinə mane olan ən təhlükəli xüsusiyyətlərdən biri təkəbbürdür. Təkəbbür insanın özünü başqalarından üstün görməsi, başqalarını kiçik hesab etməsi və həqiqəti qəbul etməkdən boyun qaçırmasıdır. 

Şiə məktəbinin əxlaqi təlimlərində təkəbbür qəlbin xəstəliklərindən biri hesab olunur. Bu xəstəlik insanın həm Allahla, həm də insanlarla münasibətinə mənfi təsir göstərir.

Allah-taala Qurani-Kərimdə buyurur: Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən. (İsra surəsi, 37). 

Bu ayə insana öz həqiqi mövqeyini xatırladır və onu təvazökarlığa dəvət edir.

Təkəbbürün əsas səbəbləri

Əxlaq alimlərinin yanaşmasına görə, təkəbbürün yaranmasının müxtəlif səbəbləri vardır. Bunlardan bəziləri elm, sərvət, vəzifə, gözəllik, nəsil və sosial mövqe ilə fəxr etməkdir. İnsan bəzən malik olduğu nemətləri öz şəxsi üstünlüyünün nəticəsi hesab edir və unudur ki, bütün nemətlərin həqiqi sahibi Allahdır. Beləliklə, nemət şükür vasitəsi olmaq əvəzinə təkəbbür səbəbinə çevrilir.

Təkəbbürün müalicə yolları

Əxlaqi baxışa əsasən, təkəbbürdən xilas olmaq üçün ilk növbədə insan özünü tanımalı, yaradılışını, zəifliyini və Allaha olan ehtiyacını dərk etməlidir. İnsan düşünməlidir ki, o, əvvəllər heç bir şey deyildi, dünyaya aciz halda gəldi və həyatı boyu saysız-hesabsız nemətlərə möhtacdır. Bu həqiqətləri dərk etmək insanın özünü başqalarından üstün görməsinin qarşısını alır.

İkinci mühüm yol təvazökarlıq məşqidir. İnsan başqalarına hörmət etməli, kasıblarla ünsiyyətdən çəkinməməli, səhv etdikdə üzr istəməyi bacarmalı və haqlı sözü kimdən gəlməsindən asılı olmayaraq qəbul etməlidir.

Üçüncü yol məsumların (ə) həyatını öyrənməkdir. Xüsusilə İmam Əlinin (ə) həyatı təvazökarlıq baxımından böyük nümunədir. O Həzrət buyurur: Təvazökarlıq elmin zinətidir. 

Bu baxışa əsasən, insan nə qədər elmli və üstün məqama sahib olsa da, bir o qədər təvazökar olmalıdır.

Dördüncü yol özünü hesaba çəkməkdir. İnsan hər gün öz davranışlarını nəzərdən keçirməli və özündən soruşmalıdır: 

Bu gün kimisə alçaltdımmı? Kiminsə sözünü təkəbbür üzündən qəbul etmədimmi? Özümü başqalarından üstün hesab etdimmi? 

Belə mühasibə insanın mənəvi nöqsanlarını tanımasına kömək edir.

Deməli, təkəbbürdən xilas olmaq birdəfəlik deyil, davamlı mənəvi mübarizə tələb edən bir prosesdir. Şiə məktəbinə görə, bu xəstəliyin əsas dərmanı Allahı tanımaq, öz həqiqi mövqeyini dərk etmək, təvazökarlıq göstərmək və Əhli-beytin (ə) əxlaqını öz həyatında yaşatmaqdır. İnsan unutmamalıdır ki, Allah yanında həqiqi üstünlük mal, məqam və zahiri görünüşlə deyil, təqva ilə ölçülür. Allah Qurani-Kərimdə buyurur: Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır. (Hucurat surəsi, 13). 

Unutmamalıyıq ki, insanın həqiqi böyüklüyü, başqalarını kiçiltməsində deyil, öz nəfsini islah etməsindədir.

 

Qardabani Şəhərinin İmam Cüməsi və İlahiyyatçı, Hacı Elçin Əliyev