Məlum olduğu kimi, Quranın bütün surələri “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi ilə başlayır, təkcə “Tövbə” surəsinin əvvəlində bu ayə yoxdur. Bunu iki səbəblə bağlayırlar. Birincisi, bəzi rəvayətlərə görə, “Tövbə” özündən əvvəlki “Ənfal” surəsi ilə birlikdə bir surə sayılır. Hər iki surədə müştərək mövzular çoxdur, surələrin ruhu da bir-biri ilə digər surələrdən daha artıq dərəcədə səsləşir. Ona görə “Ənfal” surəsinin başlanğıcında “Bismillah” ayəsinin deyilməsi “Tövbə” surəsi üçün də kifayət edir. İkinci nəzəriyyəyə görə, “Tövbə” surəsi Allahın günahkarlara qarşı narazılıq və əzab vədəsi ilə başlayır: “Bu, Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıqdır!” Buna görə Allah bu surənin əvvəlində Özünün mərhəmətini xatırlatmağı lazım bilməyib. Çünki “Rəhman” və “Rəhim” adlarını söyləmək bu surənin ilk ayələrinin məna gücü və mesajı ilə uyğun gəlməzdi.
Niyə “Tövbə” surəsinin əvvəlində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi yoxdur?
