Axtar

Niyə dini əxlaq kitablarında dünyanı ilana və dənizə bənzədiblər?

  • Paylaş:
Niyə dini əxlaq kitablarında dünyanı ilana və dənizə bənzədiblər?

Dini yönümlü əxlaq kitablarında dünya ilə bağlı fərqli bənzətmələrə rast gəlirik. Peyğəmbər və imamlarımız dünyanı dənizə, ilana, kölgəyə, qoca qarıya, oyun-əyləncəyə, körpüyə, bazara, tələyə və s. bənzədiblər. Bunların hər birinin səbəbi elə hədislərdə izah edilib və bənzədilən əşyanın müəyyən xüsusiyyəti ilə əlaqəlidir. İmam Sadiq (ə) buyurub: “Dünya şor dəniz suyu kimidir. Hər kim ondan içməklə təşnəliyini söndürmək istəsə, yanğısı daha da artar və axirda həlak olar”. Yəni insan dünya nemətlərinin dadını biləndən sonra onu daha çox qazanmağı istəyər, əldə etdiyi hər şey ona az görünər, bütün gücünü dünyanı qazanmağa sərf edər, axırda bu acgözlük onu həlak edər. Bəzi hədislərdə isə dünya ilana bənzədilir. İlan adətən torpaqdan seçilmir, adam onu görmədiyi üçün ayağı ilə basır və bu qorxulu heyvanın öldürücü zəhərinə tuş gəlir. Dünya da heç insanın göz­ləmədiyi istiqamətlərdən onu “çalır”. Tarixdə çox insanlar olub ki, illər uzunu ehtiyat və təqva ilə yaşadıqları halda, özləri də bilmədən dünyanın toruna düşmüş və imanlarını itirmişlər. İmam Cəfər Sadiq (ə) bunu nəzərdə tutaraq buyururdu: “Dünya ilana bənzəyir; toxunanda yumşaq görünür, amma içində öldürücü zəhər gizlənib. Ağıllı insanlar ondan uzaq qaçarlar, dərrakəsiz uşaqlar isə əllərini ona doğru uzadarlar”. 

islam.az