"Öz bəndəsini (Həzrət Muhəmmədi (s)) Özümüzün (tövhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eyibdən) pak və nöqsansızdır.
Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)". ("İsra" 1).
Bu mübarək ayədə Uca Allah buyurur ki, mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eyibdən) pak və nöqsansızdır. Yəni, Allah Məscidül-Əqsanı bərəkətli torpaq qərar vermişdir.
Bərəkət vermək dedikdə, nə nəzərdə tutulmuşdur?
Məscidül-Əqsa həmişə vəhyin nazil olduğu məkan və müəllimlər, alimlər tərbiyə edən mərkəz olmuşdur. O zaman ki, Bəni-İsrayil Misirdən qaçır, bu məkana pənah gətirir və o gündən bəri bu məscid Allahın vəhy göndərdiyi bərəkətli məkan olmuşdur. Ona görə də Allah Təala bu məscidi, bərəkətli məscid adlandırmışdır.
Məscidul-Əqsa - müqəddəs bir məkandır ki, səmanın qapıları orada açılır. Həzrət Peyğəmbər (s) məhz həmin məkandan meraca getmişdir.
Yuxarıdakı ayəni əgər diqqətlə oxusaq, görərik ki, Allah Təala iki məkana belə müqəddəslik və bərəkət nəsib etmişdir. Onlardan biri - Məscidul-Həramdır, biri isə Məscidül-Əqsa. Bu da həmin iki məkanın müqəddəsliyindən xəbər verir. Uca Allah İbrahimi (ə) və Lutu (ə) bu məkana yönləndirmişdir ki, tövhid əqidəsini bütün dünyaya tanıtsınlar.
Həzrət İbrahim (ə) bir müddət orada sakin olduqdan sonra Hicaza doğru hərəkət etmişdir. Orada Məscidul-Həramı inşa etmişdir ki, bu iki məkan arasında müqəddəs bağlar yaransın. Yuxarıdakı ayə də bu həqiqəti təsdiq etmişdir.
Beləliklə, deyə bilərik ki, Məscidül-Əqsa müqəddəs və bərəkətli məkanlardan biridir. Bu elə diyardır ki, Peyğəmbərimiz (s) oradan meraca getmişdir. Bu, elə məkandır ki, daima Allahın nəzəri onun üzərində olmuş və ora vəhylər göndərmişdir. Ona görə də bərəkətli adlandırılmışdır.