Bəziləri “sufi” ifadəsinin tarixini hicri I-II əsrlərin qovşağına (miladi 710-cu, 720-ci illər) aid edirlər. Çünki məşhur filosof Həsən Bəsrinin dilindən nəql olunan bəzi xəbərlərdə bu sözə rast gəlinir. Lakin mütəxəssislərin əksəriyyəti bu məkumatı mötəbər saymır. Daha geniş nəzəriyyəyə görə, ilk dəfə “sufi” ləqəbi ilə tanınmış şəxslər miladi VIII əsrdə yaşamış Əbu Haşim Kufi və məşhur kimyaçı Cabir ibn Həyyan olmuşlar. Məşhur alimlər İbn Xəldun və İbn Covzi də “sufi” anlayışının o dğvrdən bəri işlədildiyini qeyd etmişlər. Yazılı şəkildə bu kəlməyə ilk dəfə görkəmli ərəb ədibi Cahizin “əl-Bəyan vət-təbyin” əsərində rast gəlinir, müəllif bu ləqəbi Əbu Haşim Kufiyə aid etmişdir. Bəzilərinin fikrincə, ilk dəfə “sufi” adı ilə tanınmış şəxs miladi 825/826-cı illərdə Bağdadda vəfat etmiş Əbdək əs-Sufi olmuşdur. Hər bir halda, bəzi nadir xəbərləri istisna etmək şərti ilə əksər alimlər “sufi” termininin miladi VIII əsrdən əvvəl məlum olmadığını qətiyyətlə bildirmişlər.
islam.az
